Hazırda gündəmi məşğul edən əsas məsələ idxal rüsumu ilə bağlı guya Trampın komandasında ixtilafların başlanması haqqında xəbərlərdir. Maskla Trampın ticarət və istehsal üzrə baş müşaviri arasında söz atışması, habelə idxal rüsumlarına yenidən baxılması barədə Maskın mövqe sərgiləməsi prezidentin komandasında ixtilafların başlanması hesab oluna bilərmi? Təbii ki, hər bir siyasətçi, ictimai xadim, jurnalist və sıravi vətəndaş bunu dəyərləndirməkdə sərbəstdir. Məncə bu, ixtilafdan daha çox prezidentin gözlənilməz qərarına tərəfdaş məmurun gözlənilməsi proqnozlaşdırıla bilən düzəlişlər etmək təşəbbüsü hesab oluna bilər.
Məsələ bundan ibarətdir ki, idxal rüsumları ilə bağlı Trampın düşünülməmiş qərarına qarşı əks təsir mexanizmi işə düşüb. Belə ki, Çin artıq ABŞ-dən idxal olunan məhsullara Trampın Cin məhsullarının idxalına müəyyən etdiyi qədər, yəni 34 faizlik əlavə gömrük rüsumunun tətbiq edilməsi barədə qərar qəbul edib və bu qərar aprelin 10-dan qüvvəyə minəcək. Avropa Birliyinin isə öz cavab tədbirlərini sabah (aprelin 9-da) elan etməsi gözlənilir. Birjalardakı vəziyyət də ürəkaçan deyil. Mask da məmur kimi yox, biznesmen kimi başa düşür ki, əlavə rüsumların qarşılıqlı şəkildə qaldırılması və birjalardakı hazırkı vəziyyət təkcə digər ölkələrin deyil, həm də Amerikanın iqtisadiyyatına və onun biznes imperiyasına ağır zərər vuracaq. İdxal rüsumlarına yenidən baxılması qarşılıqlı geriçəkilmələrə gətirib çıxara, vurula bilən zərərin həcminin azaldılmasına səbəb ola bilər.