Ərəblinskiyə paxıllıq eləyənlər bir Əbdülxalıq tapıb Hüseyni öldürdülər. Tofiq Kazımovu gözü götürməyənlər məlum avtomobil qəzasından sonra bayram eləyirdilər. Ədil İsgəndərovun torbasını ən etibar elədiyi adamlar tikdi, sonradan babat xatirə danışdılar amma. Mehdi Məmmədov akademik teatra akademik ruh gətirdi, dedilər ancaq öz yaxınlarına rol verir. Həsənağa Turabovu, Əlabbas Qədirovu xərçəng elədilər. O dövrləri şəxsən xatırlayıram... Ən böyük aktyorlar bir-birinin qanına susamışdı az qala... İsrafil İsrafilova vedrə bağladılar. “Azərpaşa Nemətov ölməsə mənə yol açılmaz” deyib, Azərpaşanın ölməyini gözlədilər. Çünki “AzDrama” qaynayan qazandır. Orada fəhlədən xalq artistinə qədər hamı özünü əvəzolunmaz hesab eləyir. Hərənin bir ambisiyası, hərənin bir eqosu...
Bu... belə...
İndi də Mehriban Ələkbərzadəyə qarşı kompaniya başlayıb. Ona qarşı çıxan qadınların əksəriyyəti dostumdur, hörmət elədiyim adamlardır. Hamısının gücünü, istedadını əzbər bilirəm... Biri barmağını qatlayıb “son vaxtlar filan kitabı oxumuşam” deyə bilməz, dünyada gedən kino, teatr proseslərindən xəbərləri ola bilməz. Savadsızlar, istedadsızlar, haqsızlar həmişə belə eləyirlər. Qalıblar yüz ilin o biri başında, istedadı bir yana qoyub sosial status davası eləyirlər. Sosial status cır səslə, tədrisdən gələn ştampla monoloq deməyə, rolun anasını ağlatmağa, obrazı zorlamağa əsas vermir. Ümumiyyətlə, yaradıcı qurumlarda sosial status prioritet ola bilməz. Şəhid ailəsi baş tacıdır, buna söz yoxdur... amma o ailənin üzvü “mən istedadlıyam” deyib özünü bayraq eləyə bilməz. Təbii... istedadı yoxdursa. Ortabab istedada qalarsa... ölkənin bütün qurumlarında ortabab istedad sahibləri filan qədərdir.
Mehriban Ələkbərzadəni qırx ilə yaxındır tanıyıram. Hələ tələbəlikdən intellekti ilə seçilirdi. Bu qız üçün orta hədd yoxdur da, niyə başa düşmək istəmirsiz?! Təzə, fərqli, monumental, möhtəşəm teatr istəyirsizsə, imkan verək Mehriban xanım öz işini görsün... Mehriban Ələkbərzadə dəyərdir – bu, bir. İkincisi isə – “Rejissor – tanrıdır” (Vaxtanqov).