Vaxt.Az

Dığapərvər Duqin


 

«Kremlin itləri» Azərbaycana tərəf «kim daha bərk hürəcək» yarışına girib

Dığapərvər Duqin Kremlə bağlı rusiyalı politoloq, prezident Vladimir Putinin «yeni SSRİ» adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqin yenidən Azərbaycanın ünvanına təhdid mesajları ilə çıxış edib. «Beynəlxalq Avrasiya Hərəkatı»nın lideri, rus-erməni klubu «Qriboyedov»un üzvü Aleksandr Duqin Ermənistanın 1in.am saytına müsahibəsində deyib ki, Rusiya Azərbaycanla «başqa cür» danışmalı olacaq. Duqin bildirib ki, bunun səbəbi Azərbaycanın «Saakaşvili rejimi və Kiyev xuntası» ilə bir cəbhədə yer alıb Rusiyanın maraqlarına qarşı siyasət yürütməsidir.

Müsahibənin tam versiyasını BURADAN oxumaq olar.

 

- Ermənistan Gömrük İttifaqına daxil olmaq qərarı verəndə vəd olundu ki, o Avrasiya İttifaqının də təsisçi üzvü olacaq. Ancaq indi baş nazirin müavini İqor Şuvalov deyir ki, Avrasiya İttifaqının yaradılması proqramı artıq hazırdır və müvafiq müqavilə may ayında Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanacaq. Ermənistan niyə oyundan kənarda qaldı?

- Əslində Ermənistan oyundadır. Əgər daha bir neçə sənədi may ayına qədər razılaşdırıb başa çatdırılmasa bu mümkün olmayacaq. Avrasiya İttifaqı nə deməkdir? Bu, şübhəsiz ki, daha dərin inteqrasiyadır, özündə qanunvericiliyin, iqtisadi və hüquqi normaların inteqrasiyasını əks etdirir. Belarus və Qazaxıstan bütün bunları Avrasiya İttifaqı standartlarına uyğunlaşdırmaq üzərində çoxdan işləyir. Ermənistan isə bu prosesə gec qoşuldu. Mənim fikrimcə olduqca mühümdür ki, Ermənistan da Avrasiya İttifaqının təsisçi üzvü olsun. Ancaq hələ çox sənədlər razılaşdırılmayıb. Yəni səbəb texnikidir və Ermənistanın prosesə Belarusla Qazaxıstana nisbətən gec qoşulması ilə bağlıdır

 

- Yəni burada siyasi problem yoxdur?

- Mən şübhə etmirəm ki, problem texnikidir, Ermənistanın Avrasiya proqramlarına sadiqliyi şübhə doğurmur. Ermənistan çoxdan KTMT-nin üzvüdür. Rusiya-Ermənistan münasibətlərinin konteksti və Ermənistanın bu layihədəki əhəmiyyəti mübahisə predmeti deyil.

 

- Siz müsahibə verdiniz ə dediniz ki, Rusiyanın Azərbaycana qarşı kəskin addımlar atması tamamilə mümkündür. Əgər Azərbaycan Rusiyadan kənarda özünə böyük qardaş axtarmağa cəhd eləsə...

- Bu, BMT Baş Assambleyasında Ukraynaya dair qəbul edilən qətnamədən sonra mənim verdiyim ilk müsahibə idi. Azərbaycan bu səsvermədə Ukraynanı müdafiə etmişdi. Mən deyirdim ki, Rusiya hər bir postsovet ölkəsinin ərazi bütövlüyünün qarantıdır. Ermənistanın və Azərbaycanın da ərazi bütövlüyünün qarantı Rusiyadır. Qarabağın qarantı da Rusiyadır. Əgər təsəvvür etsəniz ki, Rusiya bu funksiyanı üzərindən götürür, o zaman Ermənistanın və Qarabağın ərazi bütövlüyü qarantiya altında olmayacaq.

Təbii ki, Rusiya ilə qonşu olan ölkələr öz ərazi bütövlüklərini də ancaq Rusiya ilə xeyirxah qonşuluq münasibətləri hesabına saxlaya bilərlər. Yəni ya neytral, ya sıx münasibətlər lazımdır. Əgər postsovet məkanında oturub antirusiya siyasəti aparsanız o zaman ərazi bütövlüyünüz də şübhə altına düşmüş olacaq. Mən bunu nəzərdə tuturdum. Bunu ermənilərə, azərbaycanlılara, gürcülərə, moldovanlara, ukraynalılara çox demişəm. 15 ildir bunu deyirəm. Bu fakt Cənubi Osetiyada, Abxaziyada, Dnestryanında, Krımda, həmçinin Qarabağda sübut olundu. Qarabağ ona görə bu gün ermənilərdədir ki, onlar Rusiya ilə dil tapdılar.

Bakının Rusiyaya qarşı çıxış etməsi göstərir ki, azərbaycanlılar Saakaşvili və Kiyev xuntası kimi bizə əlcək atır. Və biz bu siyasətin axırının necə olacağını bilirik. Azərbaycanda talış amili, ləzgi amili var. Bir çox digər amillər də var ki, Azərbaycan hələ onların ciddiliyini dərk etmir. Rusiyanın əlində həm dialoq, dost dilində, həm düşmən dilində danışmaq üçün çox rıçaqlar var.

Yeri gəlmişkən mən heç kimi hədələmirəm. Qarabağa gəldikdə hesab etmirəm ki, Rusiya hətta ən ekstremal vəziyyətdə onun müstəqilliyini tanıyacaq. İndiki situasiya Rusiyaya daha uyğundur. Həqiqətdə əgər Rusiya Azərbaycanla başqa dildə danışmaq istəsə Qarabağdan başqa bir çox başqa amillər var. Hansı ki, Rusiya onları istənilən vaxt işə sala bilər. Sonda Rusiyanın nəhayət Qarabağ rıçaqı da var və ən azından onu da istifadə edər. Rusiya hələ Qarabağ məsələsindən istifadə etməyə tələsmir, ancaq bu amil mövcuddur, bu hələlik atəş açmayan silahdır. Əgər Saakaşvili kimi antirusiya siyasəti aparsalar onun nəticələrin də özünü göstərəcək. Əgər antirusiya siyasəti aparmağa cəhd eləsə Ermənistana qarşı da bütün bu ssenarilər mümkündür.

Mən ermənilərə çox yaxşı münasibət bəsləyirəm, azərbaycanlılara da yaxşı münasibətim var. Ancaq həqiqətdən incimək lazım deyil. BMT Baş Assambleyasında ya bizi dəstəkləmək , ya neytral qalmaq lazım idi. Əks halda bu bizə qarşı çağırışdır, elə bir vaxtda ki, Rusiya bir çox məsələlərdə Azərbaycana kompromisə gedir. Belə hərəkət etmək lazım deyildi. Bu cür situasiyada Rusiya üçün hər səs mühüm idi. Ermənistan səsvermədə özünü sadiq dost kimi göstərdi, Azərbaycan isə bizi satdı. Bu da bizim tərəfimizdən qiymətləndiriləcək. Biz susmalıyıqmı? Əlbəttə yox. Onlar özünüməhvə doğru gedirlər.

 

- Bəs Rusiya niyə Dağlıq Qarabağın müstəqilliyini tanımır və KTMT Ermənistan-Azərbaycan sərhədlərində baş verən insidentlərə reaksiya vermir?

- Hesab edirəm ki, Qarabağın müstəqilliyini tanımamaqla Rusiya Azərbaycanla diplomatik münasibətləri inkişaf etdirmək imkanlarını saxlayır. Azərbaycan ciddi regional ölkədir, Rusiya ilə bir çox tarixi, iqtisadi, geosiyasi əlaqələrlə bağlıdır. Qarabağı tanımamaqla Rusiya bu əlaqələri saxlayır. Bununla Rusiya göstərir ki, münaqişə tərəfi deyil və Qarabağın de-yure Azərbaycan ərazisi olsa da Ermənistana məxsus olduğunu qəbul edir. Bununla da Rusiya de-fakto Ermənistanı dəstəkləyir və de-yure Azərbaycanla razılaşır. Rusiya müstəqilliyi tanıya bilər. Ancaq bunun üçün arqumentlər olmalıdır. Məsələn, azərbaycanlılar bizimlə bütün münasibətləri korlasalar o zaman bu variant işə düşə bilər.

 

Qısa arayış: Aleksandr Qelyeviç Duqin 1962-ci ildə Moskvada anadan olub, ictimai xadim, filosof, politoloq və sosioloq kimi tanınır. Duqin SSRİ Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) generalının ailəsində anadan olub. Onun atası Qeliy Duqin QRU-nun general-leytenantı kimi xidmət edib. Duqinin siyasi fəaliyyəti Rusiyanın keçmiş sovet respublikaları ilə inteqrasiyası yoluyla Avrasiya nəhənginin yaradılmasıdır. Vladimir Putinin yenidən hakimiyyət başına qayıdarkən özünün fəaliyyət proqramı kimi təqdim etdiyi və «yeni SSRİ ideyası» adlandırılan Avrasiya İttifaqı ideyasının müəllifi də məhz Duqindir.

A.Duqin 2001-ci ildə «Avrasiya» adlı Ümumrusiya Siyasi Hərəkatının sədri olub. Daha sonra bu hərəkat partiyaya çevrilib və Duqin onun siyasi şurasının sədri olub. 2003-cü ilin noyabrından isə o, Beynəlxalq Avrasiya Hərəkatının liderinə çevrilib. 2008-ci ilin martından hakim «Vahid Rusiya» partiyasının ideoloqudur. 2012-ci ilin martından Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin yanında ekspert-məsləhət şurasının üzvüdür. Vladimir Putinin qatı tərəfdarı kimi tanınır, baxmayaraq ki, hökumətin fəaliyyətini tənqid edir.

2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında «beşgünlük müharibə» zamanı Duqin Rusiya rəhbərliyinin fəaliyyətini dəstəkləyirdi və rus qoşunlarını Tiflisi tutmağa, orada Rusiyaya sadiq rejim qurmağa çağırırdı. Duqin deyirdi ki, Rusiya qoşunlarının Tiflisin həndəvərindən geri qayıtması hakimiyyətin ciddi səhvi idi.

Rusiyanın Krımı ilhaq etdiyi və Ukraynanın cənub-şərq regionlarını ələ keçirmək üzrə olduğu bir vaxtda Duqin kimi Kreml ideoloqlarının Azərbaycana qarşı təhdid çıxışları düşündürücüdür. Görünür təsadüfi deyil ki, bu mərhələdə Vladimir Jirinovski və Kremlin imperiya ambisiyalarının digər ideoloqları çox fəallaşıblar. (virtualaz.org)

 





18.04.2014    çap et  çap et