Vaxt.Az

Kadr hazırlığına real töhfə


 

Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib

Kadr hazırlığına real töhfə Prezident tərəfindən Süni İntellekt Strategiyasının qəbulundan sonra bu sahədə ciddi irəliləyiş və canlanma müşahidə olunur. İstiqamət üzrə infrastruktur qurulur (iki Superkompüter Mərkəzi qurulur), bir neçə universitetdə (AzTU, UNEC, ADA və s.) elmi və tədris müstəvisində əhəmiyyətli addımlar atılır, AI Akademiyalar və ixtisaslaşmış kurslar formalaşır, həmçinin özəl sektorun da fəallığı nəzərəçarpacaq dərəcədə artır. Süni intellekt sahəsində startapların sayı getdikcə çoxalır və bu sahəyə maraq genişlənir.

Yeri gəlmişkən, bu gün KOBİA-da Startap Şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasında Azərbaycanın çox maraqlı bir süni intellekt startapının təqdimatı da keçirilib.

Bütün bunlar onu göstərir ki, artıq ölkəmizdə bu sahədə innovativ təşəbbüslər formalaşmağa başlayıb.

Ehtiyac var ki, strategiyanın icrasına cavabdeh qurumlar, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), investorlar və fondlar bu tip təşəbbüslərə diqqəti daha da artırsınlar. 

Bu kontekstdə mühüm addımlardan biri də Azərbaycan Texniki Universitetində atılıb.

“AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu” çərçivəsində universitetdə yüksək səviyyəli işgüzar görüş keçirilib və “AI-MED LAB” adlı ixtisaslaşmış laboratoriyanın açılışı baş tutub.

Yeni yaradılan “AI-MED LAB” laboratoriyası AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində fəaliyyət göstərəcək və burada süni intellekt alqoritmlərinin səhiyyə və biotibbi mühəndislik sahəsində tətbiqinə yönəlmiş qabaqcıl elmi-tədqiqatlar həyata keçiriləcək. Bu təşəbbüs təkcə elmi inkişaf baxımından deyil, həm də süni intellekt sahəsində kadr potensialının yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bütün bunların da  Azərbaycanda süni intellekt sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına real töhfə verəcəyini proqnozlaşdırmaq olar.

 





09.04.2025    çap et  çap et