Tramp, “Truth Social” sosial media platformasında “Şirkətinizi ABŞ-a köçürmək üçün ƏLA zamandır! “Apple” kimi bir çox şirkət bunu rekord sayda edir. Sıfır gömrük vergisi, demək olar ki, anında enerji bağlantısı alın. Ekoloji gecikmələr yoxdur. Gözləməyin, indi edin!”, – yazıb.
***
ABŞ-ın maliyyə naziri Skott Bessent Çinin 84 faiz əlavə gömrük vergisi qərarından sonra açıqlamalar verib. Bessent Çinin qərarını uğursuz adlandırıb və çinlilərə öz valyutalarını devalvasiya etməmələri barədə xəbərdarlıq edib. Çin səhmlərinin ABŞ birjalarından çıxarılması qərarının da masada olduğunu vurğulayan Bessent, qərarı Donald Trampın verəcəyini bildirib.
***
ABŞ prezidenti Donald Tramp ticarət müharibəsini tariflərlə qızışdırdığı bu saatlarda özünün “Truth Social” sosial media hesabında diqqətəlayiq paylaşım edib. Tramp öz adını daşıyan media şirkəti olan “Trump Media & Technology Group”un (DJT) səhmlərinə toxunaraq investorları onları almağa çağırıb.
Trampın “Rahatlayın, hər şey yaxşı olacaq, ABŞ həmişəkindən daha böyük və daha güclü olacaq. Bu, satın almaq üçün əla vaxtdır” ifadələrinin yer aldığı paylaşımının ardından sonra şirkətin səhmləri təxminən 3,5 faiz artıb.
Trampın bəyanatı ABŞ və Çin arasında artan tariflərin bazarlara təzyiqi fonunda verilib. “Wall Street”də ticarət gününün açılışında “S&P 500” indeksi 0,4 faiz, “Dow Jones Industrial Average” isə 0,48 faiz dəyər itirib. Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi Nasdaq 0,2 faiz bahalaşıb.