Fransanın cənubundakı Lavandu turizm şəhərinin bələdiyyə şurası ölkənin müdafiəsinə dəstək məqsədilə dövlət büdcəsinə 64 min avro ianə vermək qərarına gəlib. Bu məbləğ şəhərdə yaşayan hər bir vətəndaşın simvolik 10 avro ödəməsi deməkdir.
Qərar bələdiyyə sədri Qilles Bernardinin (LR) təklifi ilə keçən həftə şəhər şurasında səsverməyə çıxarılıb və səs çoxluğu ilə təsdiqlənib. “Bələdiyyəmiz maliyyə cəhətdən sağlam vəziyyətdədir. Vergiləri 6 faiz azaltdıq. Biz bu jesti ölkəmizin müdafiəsinə töhfə vermək üçün etmək istədik”, – mer Bernardi deyib.
Lakin bu qərar şəhərdə mübahisələrə səbəb olub. Bəzi şura üzvləri və vətəndaşlar belə bir mühüm məsələ ilə bağlı ictimai rəy nəzərə alınmadan qərarın verilməsini tənqid ediblər. Buna qarşı çıxanlar isə “Bizdən müharibə üçün pul istənilir, amma insanların alıcılıq qabiliyyəti və təhlükəsizliyi kimi daha aktual məsələlərə məhəl qoyulmur”, – deyərək etirazlarını bildiriblər.
Digər tərəfdən bəzi vətəndaşlar, xüsusilə yaşlılar bu qərarı müdafiə edərək, “Ölkənin müdafiəsi hamımıza aiddir, töhfə vermək məntiqlidir”, – fikrini bölüşüblər.
Bələdiyyənin göndərdiyi 64 min avroluq ianə yay aylarına qədər dövlət xəzinəsinə köçürüləcək. İllik tətilini Lavandu yaxınlığındakı Breqançon qəsrində keçirən prezident Emmanuel Makronun bu jestinə görə bələdiyyəni ziyarət edə biləcəyi bildirilir.