Gələcək Almaniya kansleri Fredrix Mersin sözlərinə görə, partiyalar miqrasiya siyasətinin sərtləşdirilməsi də daxil olmaqla bir çox fikir ayrılıqlarını aradan qaldırmağa və Almaniya hökumətinin növbəti tərkibi üçün “güclü bir plan” hazırlamağa nail olublar.
Mers Almaniyanın iki aparıcı partiyası — Xristian Demokrat/Xristian Sosial İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) arasında razılaşmanın əsas parametrlərini və gələcək hökumətin addımlarını açıqlayıb:
Yeni Almaniya hökuməti İsveç modeli əsasında hərbi xidmətin fərqli formasını tətbiq edəcək;
“Əvvəlcə bu, könüllü əsasda olacaq. Ümid edirik ki, Bundesverin sıralarını artırmaq üçün kifayət qədər könüllü toplayacağıq”, — deyə Mers bildirib.
Almaniya vətəndaşlığını əldə etmək üçün ölkədə 5 il yaşamaq tələb olunacaq, əvvəlki 3 illik müddət ləğv ediləcək;
“Vətəndaşlıq haqqında qanunu yenidən dəyişəcəyik: 3 illik “turbonaturalizasiya” artıq olmayacaq, vətəndaşlıq yalnız 5 ildən sonra veriləcək”, — deyə o qeyd edib.
Yeni Almaniya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizəni sərtləşdirəcək;
“Milli sərhədlərdə nəzarət həyata keçiriləcək və sığınacaq üçün müraciət edib rədd cavabı almış şəxslər deportasiya olunacaq”, — deyə Mers vurğulayıb.
Gələcək Almaniya hökuməti Rusiya Federasiyasına qarşı sanksiya rejiminə sadiq qalacaq;
“Milli səviyyədə sanksiyaların effektiv icrasını təmin etməyə davam edəcəyik”, – razılaşma mətnində qeyd olunur.