Bu bəyanat bir il əvvəl “Tiflis-İrəvan oxu” haqqında böyük iddialarla danışanlar üçün sərt reallıq effekti yaratdı. Regionda yeni siyasi tandem qurmaqdan danışan İrəvan, ilk fürsətdə Gürcüstanı kölgədə qoyaraq, özünü AB-nin bölgədəki əsas tərəfdaşı kimi təqdim etməyə çalışdı.
Ən diqqətçəkən məqamlardan biri isə Ursula von der Leyenin Gürcüstanın adını ümumiyyətlə çəkməməsi oldu. Halbuki, regionda enerji və kommunikasiya layihələrinin əsas aparıcı qüvvəsi uzun illərdir məhz Gürcüstan və Azərbaycandır. Ermənistanda isə bunu fürsət bilib, AB-nin diqqətinin İrəvana yönələcəyinə ümid etməyə başladılar – hətta Gürcüstanın maraqları bahasına olsa belə.
Ermənistanın bu mövqeyi bununla da bitmir. Rusiya işğalı altındakı Abxaziyada keçirilən qanunsuz “seçkilər”ə İrəvanın susqunluğu Gürcüstanın ərazi bütövlüyünə münasibətdə ziddiyyətli münasibəti göstərdi. Regional həmrəylik harada qaldı? Görünür, Moskva ilə münasibətləri korlamamaq üçün səssiz qalmağa üstünlük verilir.
Məsələ yalnız Ermənistanın dəyişkən mövqeyi ilə bitmir. AB-nin ikili standartları da aydın şəkildə ortadadır. Vaxtilə Gürcüstanın suverenliyini müdafiə etdiyini deyən Brüssel, indi situasiyaya uyğun mövqe tutur.
Azərbaycan Prezidenti isə məsələyə aydınlıq gətirdi: bölgədəki proseslərə Brüssel deyil, region özü yön verəcək. Real coğrafiya və infrastruktur nəzərə alınmadan plan qurmaq qeyri-mümkündür. Ursula von der Leyen nə Musa peyğəmbərdir, nə də Qara dənizi iki yerə ayıracaq əsaya sahibdir. AB istəsə də, istəməsə də Bakını nəzərə almaq məcburiyyətindədir.
Ermənistan isə bir daha coğrafi reallıqla hesablaşmaq əvəzinə, gah Rusiyanın, gah da Avropanın oyunlarının içində yer almağa davam edir. Beləliklə də, qonşuların maraqlarına zidd siyasətin icraçısına çevrilir.
Bu mənzərədə Azərbaycanın Gürcüstan vasitəsilə irəli sürdüyü etimad quruculuğu təşəbbüsü xüsusi önəm daşıyır. Bakı bu yolla İrəvanı regional əməkdaşlığa qayıtmağa və mövcud reallıqlarla barışmağa çağırır. Bu, təzyiq deyil – bir fürsətdir. Ermənistan ya regionun ritmini tutacaq, ya da yenə də geridə qalacaq.