Vaxt.Az

QMİ-nin qənimi...


 

... ilhaiyyatçı ekspert Elşad Miri Şeyxin idarəsini «topa tutdu»

QMİ-nin qənimi... Dini təriqətlərlə bağlı məsələ gündəmin əsas mövzuları olaraq qalır. Nurçulara qarşı əməliyyatların ardınca Qafqaz Müsəlmanları İdarəsinin nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə bəyanatı da cəmiyyətdə müzakirə predmetinə çevrildi. Əslində nə baş verir? «Bizim Yol»un bu və digər suallarını ilahiyyatçı-ekspert Elşad Miri cavablandırıb.

Vaxt.az mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni öz oxucularına təqdim edir: 

 

- Son günlər dini təriqətlərin daha çox müzakirə predmeti olmasının səbəbi Sizcə nə ilə bağlıdır? 

- Əslində təriqətlər məsələsi yeni deyil. Əvvəllər hicab məsələsi ilə bağlı Təhsil Nazirliyinin qarşısında etiraz edənlər başqa məzhəbin nümayəndələri idi. Sonra Suriyada döyüşənlərlə bağlı fərqli bir məzhəbin nümayəndələri ilə bağlı məsələlər gündəmə gəldi. Bundan başqa Türkiyədə AKP hökumətinin Fətullah Gülən camaatı ilə mübarizəsi və onun fonunda Fətullah Gülənə yaxınlığı bilinən «Çağ» Öyrətim Şirkətinin nəzdində olan məktəblərlə bağlı «nurçuluq» məsələsi gündəmə gəldi. Proses hələ davam edir. 

 

- Gülən camaatı və onun «Hizmət hərəkatı» gündəmə gəlsə də, Göyçayda və Bakıda polisin əməliyyatları fətullahçılara heç bir aidiyyəti olmayan nurçullara qarşı keçirildi. Sizcə bu məqsədli idi, yoxsa KİV-lərdə olduğu kimi nurçularla «Gülən camaatını qarışdırırlar? 

- Məsələ ondadır ki, əvvəllər «Vəhhabilik» adı altında «təkfirçilik», «irfan», «xəvaric» qrupları zahiri görkəmlərinə görə sələfilərlə bərabər tutulub onlara qarşı mübarizə aparılırdı. Yəni aralarındakı fərqləri bilmirdilər ki, onların arasında müəyyən qəbuledilməz düşüncələr, əqidə fərqləri və s. var. İndi də eyni məsələ nurçuluqla bağlıdır. Çünki Fətullah Gülən camaatı da vaxtilə özünü «Nur camaatı», «Nur tələbəsi» adlandırırdılar, indi «Gülən camaatı» adlandırırlar. Amma burada nurçuları fərqləndirmək lazımdır. Çünki nurçuların özü «Okucular», «Sunqur abici»lər, «Fətullah Gülən camaatı» və s. qruplarla fərqlənirlər. Bakıda və Göyçayda həbs ediənlərlə bağlı müşahidə etdiklərim odur ki, onların Fətullah Gülən camaatı ilə heç bir əlaqəsi yoxdur. Açığını deyim ki, Gülən camaatı bütün fəaliyyətlərini rəsmi şəkildə həyata keçiriblər. Türk məktəbləri Təhsil Nazirliyinin proqramına uyğun tədris apardığına görə, onlara heç nə deyə bilmirlər. Həmçinin Qafqaz Universiteti, «Zaman» qəzeti, əvvəllər «Samanyolu», sonradan başqa bir ad altında fəaliyyət göstərən telekanal haqqında da eyni sözü demək olar. Hər şey rəsmi şəkildə olduğuna görə, onları «siz nurçuların məktəbisiniz» və ya «siz nurçuların qəzetisiniz» - deyə ittiham edərək qapatmaq mümkün olmaz. Azərbaycanın da öz taktikası var. Necə ki, bu gün Türk məktəbləri müəyyən bir faizlə Neft Şirkətinin balansına verilib. 

 

- Təriqətlərlə bağlı yaranmış qalmaqalların fonunda Qafqaz Müsəlmanları İdarəsin bir bəyanat verdi ki, Azərbaycanda fəaliyyət göstərən «qeyri-ənənəvi təriqətlər»i qadağan etmək lazımdır. Maraqlıdır ki, sadalananlar əsasən sünni məzhəbinə aid olan təriqətlər idi ... 

- Bu çox təəssüf doğuran haldır. Mənim gözlədiyim odur ki, QMİ Azərbaycandakı bütün müsəlmanların idarəsi kimi öz fəaliyyətini davam etdirərdi. Lakin faktiki Allahşükür Paşazadə özünün şiə olduğunu açıq şəkildə bildirir və bu gün qarşı tərəflə bağlı belə addımlar atır, çağırışlar edir. Bu da QMİ-nin tərəfsiz olmadığını, bütün müsəlmanları qucaqlamadığını göstərir. Bu gün insanlar həqiqətən kənardan gələn başqa dini qruplara, icmalara, cərəyanlara qoşulurlarsa, bunun günahı həmin o idarənin özündədir. Əgər QMİ bu gün ölkədə yas məclisindən, ölüyə Quran oxumaqdan, nəzir yığmaq və pir məsələsindən başqa heç nəyə reaksiya vermədiyinə görə, insanlar öz inanclarını fərqli əqidədə, fərqli cərəyanlarda, inanclarda axtarıb tapır və o cür yaşamağa başlayıblar. Bunun ən böyük günahkarı adıçəkilən qurumdur. 

 

- QMİ-nin özü də qeydiyyatdan keçmiş dini icmadır. Bu statusda onun hansısa qadağalarla bağlı çağırış etməsi mümkündürmü? 

- Azərbaycanda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi təsis edilərkən QMİ digər icmalardan fərqləndirilmədən dini icma kimi qeydiyyata alındı. Hətta ilk sırada deyil, təxminən 30-cu sırada qeydiyyata alındı və öz yerlərini bildirmək üçün əsasnamələrinə dəyişikliklər edildi. Dini Komiktəyə Hidayət Orucov sədr gələn kimi QMİ-nin mərkəz olduğunu sübut eləməkdən, yaxud da münasibətləri bərpa etməkdən ötrü bütün dini icmalar ləğv edildi, yenidən qeydə alınma prosesi aparıldı. Bu zaman birinci sırada QMİ qeydiyyatdan keçdi. Sonrakı mərhələlərdə doğru olmadığı halda belə bir qayda-qanun gündəmə gəldi ki, İslam təmayüllü dini icmalar Dini Komitədə qeydiyyatdan keçməkdən ötrü QMİ-nin rəyini almalıdırlar. Halbuki bir dini icmanın başqa bir dini icmaya qeydiyyatdan keçmək üçün rəy verməsi qəbuledilməz anlayışdır. 

 

- QMİ-nin icmaların bağlanması ilə bağlı çağırışının reallaşması mümkündürmü? 

- Birincisi, əgər belə bir icma qeydiyyatdan keçibsə, QMİ-nin əlinin altından keçməli idi. Amma faktiki olaraq, nə nurçuluq, nə də ona yaxın bir adda icma dini komitənin qeydiyyatından keçməyib. Qeydiyyatdan keçməmiş bir icmanın, sektanın bağlanması üçün məhkəməyə müraciət etmək, hansısa quruma təklif vermək absurddur. İkincisi, əgər belə bir icma qeydiyyatdan keçsəydi belə, onun bağlanması səlahiyyəti QMİ də deyil dini komitədədir. Bu zaman Komitə məhkəməyə müraciət edir, məhkəmə ekspertiza təyin edir, əsasnamələrinə baxır, əgər orda pozuntu varsa, xəbərdarlıq edə bilər. Əgər bunlar yoxdursa, həqiqətən əsasnamədən kənara çıxılıbsa, məhkəmə ekspertizanın rəyinə əsasən həmin icmanın qeydiyyatını ləğv edilə bilər. Əvvəllər də belə hallar olub. Ona görə də bu cür çağırışlar doğru deyil. Bu gün maarifləndirmə aparmaq, düzgün əqidəni insanların beyninə yerləşdirmək lazımdır. Ancaq bu cür çağırışlar onlara daha da marağı artıracaq. Əgər həqiqətən problem varsa, ortaya kitablar, əsərlər, broşüralar qoyulmalıdır, lap elə Allahşükür Paşazadənin özü çıxıb televiziyadan izah etməlidir ki, filan səbəblərə görə bu islama zidd qurumdur, insanlar da inana bilsin. Yoxsa ümumi, pafoslu çıxışlarla ortaya çıxıb «mən də varam» demək, çıxış yolu deyil. Bu, sadəcə yaranın üstünü örtməkdir, amma o yara sabah qanaya, qanqrenaya çevrilə bilər. QMİ-də müəyyən struktur dəyişikliyi həyata keçirilməlidir. Təsəvvür edin ki, bu idarə Azərbaycan dövlətini ittiham edən Ayətullah Sübhani adlı iranlının «Vəhhabi cərəyanı»kitabını dərc edərək məscidlərə paylayıb ki, guya maarifləndirmə aparır. Əgər sənin indiyədək bu haqda yazan bir müəllifin yoxdursa, demək biabırçılıqdır! Sən indiyədək Ayətullah Sübhaninin kim olduğunu bilmirsənsə, onun kitabını öz müftinin adı ilə redaktə etdirib, Azərbaycan dilinə məscidlərdə paylayırsansa, bu problemdir. Bu, eyni zamanda sənin ölkədə tolerantlığa zidd hərəkətini, sanki məzhəb qarşıdurmasına meylli bir iş olduğunu göstərir. Bütün bunların nəticəsidir ki, vəziyyət qənaətbəxş olmadığına görə, ölkə prezidenti Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə üçüncü müavin məsələsini gündəmə gətirdi və əsasnaməni dəyişərək bunu təsdiq etdi.

 





18.04.2014    çap et  çap et