Mərkəzi Asiya ölkələri Kipr (yunan) Respublikasının ardınca Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı. Ancaq Mərkəzi Asiya ölkələrinin ŞKTC-ni tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin Kipr (yunan) Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-birləriylə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub.
Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığım və dostluq etdiyim qazax həmkarımla əlaqə saxladım. Statusdakı sualları ona ünvanladım. Qazaxıstanlı həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa Birliyi rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr (yunan) Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa Birliyi Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil. Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Şimali Kiprlə əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib. ŞKTC Prezidenti və ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir. Digər tərəfdən İlham Əliyev Avropa Birliyi və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını vurğulayıb. Bunları əsas götürərək Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil.