Vaxt.Az

«Rusiya seçkini pozmağa çalışır»


 

«Nə qədər güclü orduya malik olsa da, Moskva nə maliyyə, nə texnoloji, nə kadr, nə də iqtisadi-siyasi potensialına görə uzunmüddətli mübarizəyə hazır deyil»

«Rusiya seçkini pozmağa çalışır» Politoloq Zəfər Quliyev «Yeni Müsavat»a müsahibəsində Ukrayna məsələsi ilə bağlı son durumu şərh edib. Tanınmış politoloqla söhbətimizi təqdim edirik.

- Zəfər bəy, Krımdan sonra Ukraynanın şərq vilayətləri də faktiki Rusiyanın nəzarətinə keçmək üzrədir. Sizcə, Avromaydanla hakimiyyətə gələn yeni iqtidar hansı səbəblərdən ərazi bütövlüyünü qorumaqda belə acizdir?

- Bu gün baş verdiyi üçün çoxlarına elə gələ bilər ki, Rusiya bu prosesə yaxın keçmişdə başlayıb. Ancaq gerçəklik bir qədər fərqlidir. Rusiya illərdir Ukrayna ordusuna, Ukrayna dövlətçiliyinə zərbə vurmaq planları üzərində işləyir. Yanukoviçin hakimiyyəti illərində Rusiya Ukraynada faktiki olaraq bütün planlarını maneəsiz həyata keçirə bilirdi. Bu gün Rusiya təhlükəsi sadəcə şərq vilayətlərində deyil, Kiyevdə belə hiss edilir. «Beşinci kalon» adlanan rusiyapərəst qüvvə bütün ölkədə fəaldır. Bu gün Ukrayna ordusunda, eləcə də digər güc strukturlarında Rusiyanın geniş agenturası çalışır. Ona görə də bu gün faktiki olaraq müvəqqəti hökumətin bütün addımlarına qarşı Rusiya qabaqlayıcı addımlar atır. Ukraynanın strateji xətti öncədən bəlli idi. Moskva Yanukoviçin iqtidarda daimi qalmayacağını, Ukrayna cəmiyyətinin Avropaya inteqrasiya edəcəyini bilirdi. Ona görə də çox ciddi hazırlaşırdı. Krım məsələsi ortaya çıxanda, yəni Moskva Ukraynanın ərazi bütövlüyünə konkret təhlükəyə çevriləndə aydın oldu ki, Ukrayna dövlətçiliyinin potensialı çox zəifdir. Üstəlik, yeni hakimiyyətə gələn qüvvələr təcrübəsizdir, resursları yoxdur. Bu səbəbdən əldə olan resursları belə səfərbər edib Moskvaya zamanında cavab vermək mümkün olmadı. Ona görə də qısa zamanda Moskva təşəbbüsü ələ ala bildi, Krım məsələsini öz istədiyi kimi tez həll elədi, indi də faktiki olaraq şərq, cənub-şərq regionlarında da ardıcıl hərəkətlərə keçib.

 

- Sizcə, Rusiya yenədəmi Krım variantı ilə hərəkət edəcək? Yoxsa demokratik dünyanın sərt təpkilərindən yan keçmək üçün fərqli variant işlədəcək?

- Tam eyni olmasa da, bu gün baş verənlər Krım variantına çox bənzəyir. Bu arada Ukrayna hakimiyyəti də qüvvələrini az da olsa, səfərbər edə bilib. Son günlərin antiterror əməliyyatları bundan xəbər verir. Durumu şahmatdakı tsun-svanq vəziyyətinə bənzətmək olar. Bu vəziyyətdə yaxşı gediş olmur, bütün gedişlər vəziyyəti yalnız pisləşdirir. Ukrayna hakimiyyəti indi təxminən belə vəziyyətdədir. Güc tətbiq etmək qaçılmaz görünür, çünki region faktiki əldən edir. Ancaq güc tətbiq edən kimi Moskvanın 50 minlik qoşunu sərhəddə hərəkətə gəlir. Ona görə də faktiki olaraq Ukrayna incə manevrlər aparır - bir tərəfdən gücü nümayiş etdirir, digər tərəfdən də açıq güc nümayiş etdirmir. Qərbin də bu məsələdə rolu var. Qərb açıq şəkildə qan tökülməsinə qarşı çıxır. Qərbin siyasi liderləri dəfələrlə xəbərdar ediblər ki, Rusiya hakimiyyətini artıq proqnozlaşdırmaq mümkün deyil, hərbi əməliyyatlar başlasa, Rusiya Ukraynanı tamamilə parçalaya bilər.

 

- Bu gün Qərbin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqları keçirilir. Sonucu indidən proqnozlaşdırmaq mümkündürmü?

- Danışıqlar ərəfəsində rəsmi Kiyev çox sərt formada güc tətbiq etmirdi. Əgər danışıqlar nəticəsiz qalsa, Moskva ultimativ mövqedən çıxış eləsə, Kiyev hansısa bir mərhələdə geniş hərbi əməliyyatlara məcbur olacaq.

 

- Avromaydana güclü dəstək verən Qərb, Avromaydandan sonrakı mərhələdə bir qədər geri çəkildi və faktiki olaraq Ukraynanı Rusiya işğalı ilə üz-üzə qoydu. Sizcə, Qərbin sakit bir şəkildə ikinci plana keçməsinin səbəbi nədir?

- Qərb soyuq savaş dönəmindən sonra ilk dəfə belə ciddi problemlə üzləşir. İraqa, İrana qarşı tamamilə fərqli mövqe ortaya qoyuldu, hətta İraqda açıq savaş baş verdi, sabah gərək olarsa Şimali Koreyaya, digər avtoritar rejimlərə qarşı ciddi sanksiyalar tətbiq oluna bilər. Ancaq söhbət Rusiyadan, Böyük Səkkizliyin üzvündən, nüvə silahına malik superdövlətdən gedir. Bu gün Putin hakimi-mütləqdir, operativ şəkildə istədiyi qərarı qəbul edir. Sabah o, savaş başlatmaq istəsə, başlada bilər. Qərb dünyası, Avropa Birliyi isə bütün qərarları konsensus yolu ilə verməyə məcburdur. Konsensusa nail olmaq isə çox çətin məsələdir. ABŞ Rusiyaya qarşı sərt sanksiyalara keçməkdə qərarlıdır. ABŞ hakimiyyətinin bütün qollarında bu məsələ ilə bağlı ortaq fikir var. Avropa Birliyində isə yekdil mövqe yoxdur. Hətta Rusiyaya ən yaxın sayılan ölkə olan Almaniya Rusiyaya qarşı ən sərt sanksiyalara hazırdır, ancaq İtaliyanın mövqeyi fərqlidir, bir sıra digər kiçik dövlətlərin mövqeyi fərqlidir. Rusiya Avropa Birliyində olan qeyri-müəyyənlikdən, mövqe fərqliliyindən istifadə edir, Ukraynaya təzyiqi gücləndirməyə çalışır. Ancaq bütün bu nüanslara baxmayaraq, hesab edirəm ki, Rusiyanın Ukraynaya qarşı mövqeyi dəyişməyəcəksə, Qərb bu qaçılmaz təhlükənin qarşısında ümumi mövqeyə gələcək. Buna bir qədər zaman lazımdır. Zaman Rusiyanın xeyrinə işləmir. Ukraynada, ən azı şərq vilayətlərində fövqəladə vəziyyətin tətbiqi üçün ciddi səbəblər olsa da, rəsmi Kiyev bu addımdan çəkinir. Rəsmilər bildirir ki, bu durum 25 may prezident seçkilərinin nəticələrini şübhə altına ala bilər. Bir sıra analitiklər isə seçkilərin keçiriləcəyinin şübhə altında olduğunu deyir.

 

- Sizcə, Rusiya Ukrayna seçkilərini poza biləcəkmi?

- Rusiya seçkini pozmaq, poza bilməsə onun legitimliyinə ciddi şübhə yaratmaq istəyir - bu, birmənalıdır. Rusiya bilir ki, əgər mayın 25-də seçkilər baş tutsa, Ukraynanın bəzi vilayətlərində durumu qarışdırmasına baxmayaraq, Ukrayna nə qədər çətin olsa da, özünə legitim prezident seçəcək. Beləliklə də dövlətçiliyini möhkəmləndirəcək və Rusiya işğalına qarşı konkret addımlar atacaq. Bununla da Moskvanın Ukrayna daxilindəki proseslərə təsir imkanları get-gedə azalacaq. Rusiya bu seçkini pozmaq üçün böyük bir ərazidə ciddi vətəndaş qarşıdurması yaratmağa çalışır. Ancaq o da hiss olunur ki, Moskva özü də açıq hərbi müdaxilədən çəkinir. Görünür, Qərbin sərt bəyanatları Moskvaya təsir edir. Qərbin sanksiyaları yumşaq olsa da, bəyanatları sərtdir. Rusiya rəsmilərinin son günlərdəki davranışlarından bu hiss edilməkdədir. Xarici işlər naziri Lavrovun bir sıra dünya ölkələrinə səfərə çıxıb Moskvanın mövqeyini açıqlamağı, Rusiyanın BMT-dəki nümayəndəsinin son çıxışı belə düşünməyə əsas verir. Moskva bu gün bar-bar bağırır ki, qoymayın, Ukrayna hakimiyyəti öz xalqına güc işlədir, bu, demokratiyaya, insan haqlarına ziddir. Bu onu göstərir ki, Moskva Ukraynaya birbaşa hərbi müdaxilə etmək üçün əsas tapmır, hətta formal əsas tapsa da, bilir ki, bu, artıq Qərblə açıq qarşıdurma olacaq. Bunun ardınca Qərbin ciddi sanksiyaları gələ bilər. Moskva başa düşür ki, indi Ukraynaya qarşı açıq savaş variantı seçsə, həm Avropa Birliyi, həm NATO, həm də ABŞ-la siyasi, iqtisadi, hərbi sahələrdə ciddi problemləri yaranacaq. Uzunmüddətli qarşıdurma isə Rusiya üçün çox təhlükəlidir. Çünki nə qədər güclü orduya malik olsa da, nə qədər sinəsinə döysə də Moskva nə maliyyə, nə texnoloji, nə kadr, nə də iqtisadi-siyasi potensialına görə uzunmüddətli mübarizəyə hazırdər.

 

- Zəfər bəy, Rusiyanın siyasi elitası Putinin qərarlarına tabedir. Bununla belə, Rusiya cəmiyyətində hakimiyyətin işğalçı siyasətini tənqid edənlər də az deyil. Bir sıra ziyalılar Rusiyanın bugünkü hərəkətlərindən utanc keçirdiklərini deyirlər. Sizcə, Rusyadakı bu etiraz dalğası Putinin işğalçılıq qərarlarını dəyişəcək dərəcədə genişlənə bilərmi?

- Çox təəssüf, rusların milli xarakterində işğala meyllilik var. Bu faktı rusların ictimai-siyasi xadimləri, elm adamları, yazıçıları dəfələrlə bildiriblər. Rus düşüncəsində hər zaman Rusiya imperiyasını bərpa etmək məsələsi var. Dünyanın bir çox ölkələri inkişafı intensivləşmədə - yəni elmin inkişafında, texnoloji yeniliklərin geniş tətbiqində, yüksək texnologiyalar yaradılmasında görür. Rusiya isə inkişafı yalnız genişlənməkdə görür. Problem ondadır ki, Rusiya işğal etdiyini, zorla öz ərazilərinə birləşdirdiyi əraziləri həzm də edə bilmir. Rusiya Krımı həzm edə bilmir, buna baxmayaraq, deyir ki, Ukrayna da bizim olmalıdır. Jirinovski çıxışında deyir ki, Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı Rusiyaya birləşməlidir. Bu torpaqları necə həzm edəcəksiz? Rus xalqı özü acından ölür. Rusiyada bu düşüncəni dağıda biləcək liberal güc çox zəifdir. Siyasi düşərgə tam nəzarətdədir, o sıradan mediaya hakimiyyətin nəzarəti çox güclüdür. Üstəlik, şovinist eyforiya bütün rus toplumunu bürüyüb. Belə bir şəraitdə yaxın zamanlarda Rusiyanın bu illüziyalardan, xəstəlikdən sağalacağını düşünmürəm. Ancaq iqtisadi böhran dərinləşsə, durum dəyişə bilər. Rusiyada aclıq başlayanda, iqtisadi böhran yarananda xalq ayılır, ancaq islahat-filan tələb etmir, əlini baltaya atıb inqilab edir. Yaxın zamanda Rusiyanın ağıllı, sivil bir yola qayıdacağını gözləmirəm. Rusiya yaxın çevrəsindəki bütün xırda ölkələr üçün daimi təhlükə ocağı olaraq qalmaqdadır.

 





18.04.2014    çap et  çap et