Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir. Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir: Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi-kəşfiyyat, logistika və s. güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir; ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir;
İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam daha öncə də yazdığımız kimi, İran faktorudur: Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Tel-Əvivə, nə də Vaşinqtona sərfəli deyil;
Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:
1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı çətin seçim məcburiyyətindən xilas edir;
2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda da maraqlarımıza uyğundur;
3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilə bilər;
Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir.