Vaxt.Az

Taksi sürücüsünün qəzası ...


 

.. Yaxud olaya medianın yanaşması və informasiya kirliliyi

Taksi sürücüsünün qəzası ... Son günlərdə baş verən taksi sürücüsünün qəzası Azərbaycan ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Hadisə medianın əsas gündəm mövzularından birinə çevrilsə də, bu xəbərin işıqlandırılmasında bir sıra etik və peşəkar çatışmazlıqlar müşahidə olunur.

Ən önəmli məqamlardan biri, qəzanın səbəbinə dair hələ də rəsmi qurumlar tərəfindən ictimaiyyətə təqdim olunmuş dəqiq və təsdiqlənmiş məlumatın olmamasıdır. (Və ya var informasiya kirliliyindən mən görməmişəm) Bununla yanaşı, media orqanlarının bir qismi məsələni araşdırmadan, təsdiqlənməmiş versiyalara əsaslanaraq başlıqlar hazırlayır və auditoriyanın diqqətini çəkmək üçün sensasiyalı yanaşmalara üstünlük verir. Məsələn, “Qəza edən sürücünün gəlini danışdı”, “Sürücünün qohumu açıqlama verdi” kimi başlıqlar hadisənin mahiyyətindən çox, şəxsi və emosional aspektlərinə fokuslanır.

Bu cür məlumatların yoxlanılmadan yayımlanması ciddi informasiya kirliliyinə səbəb olur. Nəticədə, cəmiyyət hadisənin səbəbləri barədə rəsmi və obyektiv informasiya olmadan fikir yürütməyə başlayır. Belə şəraitdə bir qrup şəxs sürücünü günahsız hesab edərək yardım kampaniyaları təşkil edir, digər qrup isə bütün məsuliyyəti sürücülərə yükləyərək sərt cəza tədbirlərini tələb edir.

Halbuki jurnalistikada əsas prinsip faktların yoxlanması, balanslı yanaşma və rəsmi mənbələrə istinad etməkdir. Məlumatın yalnız sürücünün ailə üzvünün ifadəsinə əsasən təqdim olunması, ekspertiza rəyi və ya hüquq-mühafizə orqanlarının açıqlaması olmadan xəbərləşdirilməsi, medianın ictimaiyyəti dezinformasiya ilə yönləndirməsinə səbəb olur.

Bu səbəbdən, media nümayəndələrinin məsuliyyətli davranması, rəsmi qurumların isə vaxtında və şəffaf şəkildə informasiya təqdim etməsi vacibdir. Yalnız bu halda cəmiyyət hadisələrin obyektiv qiymətləndirilməsinə və sağlam ictimai müzakirələrin aparılmasına şərait yarada bilər.

 





11.04.2025    çap et  çap et