Vaxt.Az

Maraqlı yarışın xəbərçisi


 

Autsayder komandadan yüksək nəticə ...

Maraqlı yarışın xəbərçisi Çox maraqlı bir sıralanma turu izlədik – xüsusilə də ilk üçlükdə olan sürücülərin komanda yoldaşları ilə fərqlərini müqayisə etdikdə, daha maraqlı nüanslar ortaya çıxır.

Oskar Piastri bir daha sübut etdi ki, komanda yoldaşından əsas fərqi soyuqqanlı olmasıdır – o cür pressinqlə ciddi səhvə yol vermədən möhtəşəm nəticəyə imza atdı və karyerasında 2-ci poula sevindi. Startda mövqeyini qoruya bilsə, yarışda qələbəyə əsas namizəddir və əgər hər şey normal olsa, çempionatda liderliyi də ələ keçirə bilər. Hər şey arxada birinci döngədəki mübarizədən asılı ola bilər...

Corc Rassell builki “Mercedes”in doğrudan da sürətli olmasını göstərdi – keçmiş komanda yoldaşı qalsaydı, birlikdə maşını daha sürətli edə bilərdilər, amma hələlik Corc bu işin öhdəsindən pis gəlmir. Yarış tempində və isti asfaltda təkərlərə qənaət etmək mümkün olsa, Corc ən azı finişdə mövqeyini qoruya biləcək...

Şarl Lekler də sazlanmalarla eksperimentləri davam etdirir. Builki “Ferrari” tam yeni konsepsiyadır və maşınla dil tapmaq elə də asan deyil. Amma yekunda Şarl yeni adlı-sanlı komanda yoldaşını böyük fərqlə qabaqlayaraq sabah da mövsümdə ilk podium qazanmağa çalışacaq.

Andrea kimi Antonellini xüsusi qeyd etmək lazımdır – gənc sürücü hər yarış püxtələşir, təcrübəli komanda yoldaşı ilə fərq artıq minimuma enib, artıq 4-cü yarışında poula real namizəd idi. Məncə, bu cür davam eləsə, adaşı kimi gələcəyin çempionu yetişəcək.

Pyer Qasli də günün qəhrəmanıdır – mövsümə autsayder kimi başlayan bir komanda ilə belə yüksək nəticə möhtəşəm idi, sabah arxadakı maşınları saxlamaq çətin olacaq, amma kifayət qədər xal qazanmaq mümkündür.

İlk dəfə son sessiyaya qalmış Karlos Sayns da tərifə layiqdir, baxaq görək yeni komandasında ilk onluqda yerini necə qoruya biləcək.

Sabah isə bizi maraqlı start və yarış gözləyir...

 





12.04.2025    çap et  çap et