Əsərdə qoyulan ikinci sual daha maraqlıdır. Əyalətdə yaşayan xırda dükançı ailəsində doğulmuş, ətrafdakıları öz qeyri-adi qabiliyyəti ilə heyrətləndirməyən, zəif oxuyan, sinifdə qalan, hətta məktəbdən xaric olunan, müharibənin maneçiliyi ucbatından hətta kamal attestatı ala bilməyən adi danışıqlı yeniyetmənin həyatını, taleyini döndərən nə olmuşdur? İlk baxışdan meşşan təbiətli, intellektual səviyyəsi ilə fərqlənməyən ətrafdakı adamlar, müharibə illərinin və müharibədən sonrakı dövrün çətinlikləri onun sənətkar və yazıçı olmasına maneçilik törədirdi. Lakin axı, nə isə və yaxud kim isə onu incəsənətə meylə sövq etmiş, onda yaradıcılıq qığılcımı, vətəndaşlıq hissi formalaşdırmışdı? Axı özünügerçəkləşdirmədən ötrü lazım olan enerji haradansa peyda olmuşdur?! Qrassın “Bütün mənə həyat dərsi demişlərə həsr olunur” sözləri ilə başlayan “Yaddaşın soğanağı” kitabında yazıçı bu məsələlər üzərində düşünür.
Yaradıcılıq və istedad nişanələrini ya məktəb, ya kitabxana, ya da ağıllı insanlar oyatmalıdır.
Təəssüflər olsun ki, roman dilimizə tərcümə olunmayıb.