“Newsweek” kimi ciddi dərginin dünyanı 3 ölkə arasında bölüşdürüləcəyini ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və Çinin maraqlarına cavab verir. Çin və Rusiya dərgidə onlara aid edilən ölkələri “pay” almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə Tokio və Dehli Çinin regionda möhkəmlənməsi təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə müxtəlif əməkdaşlıq formatları təsis edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan ABŞ-ın hazırkı Prezidenti Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz.
Avropanın tamamını, Türkiyəni və Cənubi Qafqazı Rusiyaya “pay” verən ABŞ dərgisinin bu “məntiqi” də mübahisə predmetidir. Əlbəttə, Rusiya Ukrayna müharibəsini öz xeyrinə bitirərsə, başqa planlarını həyata keçirməyə çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə normal münasibətlərin tərəfdarı olsalar da, keçmiş imperiyanın hər hansı başqa formada qayıtmasına razılaşmazlar. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məhz elə buna görə, Rusiya və Çinlə yanaşı digər nüfuzlu ölkələrlə də sıx əlaqələr qurublar. Avropaya gəldikdə, köhnə qitə bu gün Ukraynanı məhz ona görə dəstəkləyir ki, Rusiyanın qələbəsi rəsmiləşməsin və Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin aparıcı ölkələrindən birinə çevrilən Türkiyənin Rusiyanın təsiri altına düşməsi isə xam xəyala bənzəyir.