Qarşı sahildə Maynts şəhəridir. Visbaden sağ sahildə, Maynts sol sahildə yerləşir. Bu iki şəhər tarixən rəqib şəhərlərdir. Maynts mühafizəkar-katolik, Visbaden isə protestantdır. Visbaden kurort şəhəri kimi bilinir, Maynts isə tələbə şəhəri kimi. Ancaq Mayntsın həm Almaniya, həm də Dünya tarixində yeri başqadır.
Maynts İohan Qutenberqin vətənidir. Bu bölgəyə gəlib onun doğulduğu şəhəri ziyarət etməmək olmazdı. Fırtınalı və yağışlı bir hava ilə qarşılayır bizi şəhər. Çox da gəzməli bir hava deyil. Sanki Bakıda gəzirik.
Ancaq Bakıdan fərqli olaraq yağış aralıqlarla yağır, gah Günəş çıxır, az sonra hava yenidən qaralır və göydən iri yağış damlaları tökülməyə başlayır.
Havanın müxalifətinə baxmayaraq mərkəzdəki Qutenberqplats meydanını tapırıq.
Burada tarixdə ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çap etmiş dahi alman ixtiraçısı Qutenberqin əzəmətli heykəli ucalır…
Qutenberqin ixtirası tarixin axarını dəyişdirmiş, Avropa və Dünya mədəniyyətinə böyük təsir göstərmişdir. Onun 15-ci əsrin ortalarında kəşf etdiyi kitab çapı üsulu müasir texnologiyaların əsasına çevrilərək Bəşər tarixinin ən mühüm kəşfləri, müəllifini isə dünyanın ən böyük ixtiraçıları sırasına yazmışdır.
Qutenberqin icadı sayəsində Bəşəriyyətin elmi və intellektual inkişafına nəhəng təkan verilir. Bu icad sayəsində həyat və onun çöhrəsi dəyişir.
Heykəlin yaxınlığında Maynts kafedralının qarşısında Qutenberqin ev-muzeyi var. Bura gəlsəniz dünyanın ən qədim poliqrafiya muzeylərindən birini gəzmək lazımdır.