Vaxt.Az

Nüvə proqramında Liviya variantı


 

Qəddafinin sonunu gətirən anlaşma

Nüvə proqramında Liviya variantı Trampın İranla bağlı ritorikasında ciddi dəyişiklik müşahidə olunur. Görünür, şənbə günü Omanda baş tutmuş ABŞ-İran danışıqlarında ilkin razılaşmalar əldə edilib. Bir ay öncə İran lideri Xameneyiyə göndərdiyi məktubunda İranın nüvə proqramını məhv etməsini, ballistik raket istehsalını məhdudlaşdırmasını və regional ambisiyalardan əl çəkməsini tələb edən Tramp, indi sadəcə İranın nüvə silahından imtina etməsini yeganə şərt kimi səsləndirir.

Bu şərt İranı da qane edir. Çünki nüvə proqramını məhv etmək ilə nüvə silahından imtina etmək arasında böyük fərq var. Nüvə proqramı qorunduqca, nüvə silahından imtina etmək müvəqqəti bir addımdır, münbit şərait yarandıqda nüvə silahı yenidən aktuallaşa bilər. Yəni, İran rəhbərliyi bu seçimlə, mövcud müharibə təhdidini sovuşdura və Tramp hakimiyyətdən gedənədək gözləmə mövqeyində qala bilər.

İsrail rəhbərliyi isə İranın nüvə proqramını tam məhv etməsini istəyir. Netanyahu İran üçün Liviya modelinin tətbiq olunmasından danışır. Məlum olduğu kimi, Qəddafi 2000-ci illərin əvvəlində Britaniyanın vasitəçiliyi ilə təhlükəsizlik qarantiyaları qarşılığında nüvə proqramından tam imtina edərək, əlindəki nüvə komponentlərini ABŞ-a təhvil vermişdi. Amma 2011-ci ildə Qəddafini vaxtilə təhlükəsizlik qarantiyası aldığı Britaniya ordusu bombaladı. Qəddafinin taleyi və Ukraynanın başına gələnlər nüvə proqramından tam imtina etməyin nə qədər ölümcül səhv olduğunun sübutudur.

İran əgər sadəcə nüvə silahından imtina etməklə mövcud böhrandan sıyrıla bilsə, bu, İran diplomatiyası üçün ciddi uğur sayılacaq. Faktiki olaraq, belə bir razılaşma 2015-ci ildə Obama komandası tərəfindən İran ilə əldə edilmiş və Trampın sərt tənqid edərək, 2018-ci ildə çıxdığı JCPOA sazişinə bənzər, amma daha sərt olacaq.

 





15.04.2025    çap et  çap et