Ankarada yerləşən Beynəlxalq Dönər Federasiyası Avropa Birliyinə müraciət edərək “Dönər kabab”ın zəmanətli ənənəvi türk yeməyi kimi qeydiyyata alınmasını xahiş edib.
Əgər bu müraciət qəbul olunarsa, Avropada istehsal edilən dönərlərin əksəriyyəti türk standartlarına uyğun olmadığı üçün “dönər” kimi satıla bilməyəcək.
***
Türkiyə tərəfinin tələb etdiyi qaydalar Almaniyada dönər istehsalına ciddi təsir edəcək. Yeni qaydalara əsasən:
• Dönərdə hinduşka ətinin istifadəsi qadağan ediləcək;
• Kəsilən heyvanlar ən azı 16 aylıq olmalıdır;
• Marinadların və ədviyyatların çeşidi məhdud olacaq,
• Bişirmə və kəsmə texnikası da türk üsullarına uyğunlaşdırılacaq.
“Alman Dönər İstehsalçıları Assosiasiyası”nın məlumatına görə, yeni qaydalar qüvvəyə minərsə, Almaniyadakı dönər dükanlarının 80-90 faizi artıq məhsullarını “dönər” kimi sata bilməyəcək.
Almaniya və Türkiyə tərəfləri arasında aparılan danışıqlarda razılıq əldə oluna bilməyib. Hazırda proses Avropa Komissiyası tərəfindən qiymətləndirilir. Komissiya ya ərizəni olduğu kimi qəbul edəcək, dəyişikliklər təklif edəcək və ya tamamilə rədd edəcək.
Qərarın aprelin sonunda elan ediləcəyi gözlənilir. Müraciət qəbul olunarsa, Avropada dönər sektoru yeni dövrə qədəm qoya bilər.