Çinin daha böyük olmasından başqa digər ölkələrdən heç bir fərqi olmadığını müdafiə edən Livitt, “Çin bizdə olanı, Amerika istehlakçısını istəyir. Başqa sözlə, onların bizim pulumuza ehtiyacı var. Prezident Tramp Çinlə razılaşmaya açıq olduğunu söylədi, lakin Çinin ABŞ ilə anlaşması lazımdır”, – deyib.
ABŞ-dan qisas almayan bir çox ölkə ilə gömrük və ticarət razılaşmaları ilə bağlı danışıqların davam etdiyini bildirən sözçü, “Bəzi ölkələrlə gömrük tarifi razılaşmalarımızı tezliklə açıqlayacağıq”, – deyib.
Administrasiyanın bəzi avtomobil hissələrinin ixracına vergi güzəştləri təklif edə biləcəyinə dair xəbərlər barədə suala cavab verən Livitt, Trampın bu gömrük danışıqlarında çevik olduğunu və ədalətli olduğu müddətcə istənilən ölkə ilə müqavilə bağlaya biləcəklərini söyləyib.
Çin ABŞ-ın tarif artımlarına reaksiya verən ilk ölkə olub və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Çin isə ABŞ-a tarifini 125 faizə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən qarşılıqlı tarifləri 90 gün təxirə salarkən, Çinə tətbiq edilən tariflər qüvvəyə minib.
Tramp daha sonra smartfonlar, noutbuklar, sərt disklər, kompüter prosessorları və çiplər kimi bəzi texnologiya məhsullarının əlavə vergilərdən azad ediləcəyini açıqlayıb.