Vaxt.Az

Pula satılan qardaşlıq


 

Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi

Pula satılan qardaşlıq Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş “Avropa Birliyi-Mərkəzi Asiya” zirvə toplantısında Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan pula aldandılar.

Daha doğrusu, Avropa Birliyinin vəd etdiyi 12,3 milyard avroya Turan, türkçülük, türk dövlətləri birliyi ideyalarını satdılar.

4 ölkəyə 12,3 milyard avro. Və hələ bu məbləğin tam veriləcəyi çox böyük şübhə altındadır.

Dəydimi bu pula belə xəyanət, ey Turandan, boz qurddan, türk xalqlarından gen-bol danışmağı sevən Aşqabad, Daşkənd, Astana və Bişkək?

Türkiyə 30 ildir ki, Şimali Türk Kipr Respublikası ilə bağlı sizə təzyiqlər etmədi, tanımağınızı israrla istəmədi. Çünki problemlərizi bilir və müşküllərinizin sayını artırmaq istəmirdi.

Amma siz nə etdiniz?

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın sammitdə yunan Kiprinin ərazi bütünlüyünün və sərhəd toxunulmazlığının “tanındığını, şərt olduğunu” bəyan etmələri əslində Türkiyəni işğalçı adlandırmalarıdır.

Budur həmin “tanınma”nın mahiyyətlərindən biri.

Bundan belə, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda və Türkmənistanda Turan, Boz Qurd, türkçülük və s. ilə bağlı filmlər, kliplər, mahnılar, forumlar, tədbirlər və ilaxır sadəcə söz yığını, boğazdan yuxarı olan kəlmələr, saxtakarlıq və mimikriyadır.

Azərbaycan kimi dik və iradəli duruş sərgiləyə bilmədiniz – qardaşlarınızı pula satdınız.

Özü də çox kiçik məbləğə.

Heyf sizə..

Bircə təvəqqem var sadaladığım ölkələrin siyasətçilərindən – bundan sonra əsla, amma əsla türkçülükdən, Boz Qurddan danışmayın.

Urvatdan salmayın o kəlmələrlə dəyərləri.

 





15.04.2025    çap et  çap et