Həm “S&P 500”, həm də “Nasdaq 100” bir nöqtədə təxminən 1 faiz yüksəldikdən sonra günü 0,2 faiz enişlə başa vurdu.
Yeni ticarət günündə fyuçers indeksləri də qırmızı rəngdədir. ABŞ hökumətinin Çinə çip satışına qeyri-müəyyən lisenziya tələbi qoymasından sonra “Nvidia” səhmləri 5 faiz ucuzlaşdı və bu, çip şirkətlərinin ABŞ-dan Yaponiyaya geniş şəkildə satışına səbəb oldu. Süni intellekt çip bazarında “Nvidia” ilə rəqabət aparan “Advanced Micro Devices Inc.” də eniş yaşadı.
“Nvidia”nın Asiyadakı əsas təchizatçılarının səhmləri də ucuzlaşır. Yaponiyanın sınaq avadanlığı istehsalçısı “Advantest Corp.”un səhmləri 5,6 faiz, Koreyanın yaddaş istehsalçısı “SK Hynix Inc.” səhmləri isə 3,7 faiz dəyər itirib.
“Nvidia”nın ən böyük təchizatçılarından biri olan “Taiwan Semiconductor Manufacturing Co.” 1,8 faiz ucuzlaşıb. Tariflərin təsirinin hiss olunmadığı Çində ilk rüb üçün güclü artım məlumatları bazarlara təsir etməyib.
Çin səhmləri məlumat öncəsi itkilərini böyük ölçüdə saxlayıb, “Hang Seng China Enterprises Index” 2,4 faiz və “CSI 300” indeksi 0,8 faiz azalıb. Çin yuanı bu il 8 faizdən çox ucuzlaşıb və 2014-cü ildən bəri avroya nisbətdə ən aşağı səviyyəyə düşüb. Azalma Çinin ABŞ tariflərinin iqtisadiyyatına təsirini azaltmaq üçün idarə olunan azalmaya imkan verəcəyinə dair gözləntilərdən irəli gəlir.
“Bloomberg Dollar” İndeksi dünən 0,35 faiz yüksəldikdən sonra bu səhər qazancını geri qaytardı. Ötən həftə ərzində 50 baza bəndi yüksələn 10 illik ABŞ Xəzinədarlığının gəlirliliyi üç gündə 16 baz bənd azalıb.