Vaxt.Az

“... Qənaət edin”


 

Baş nazirdən Fransa xalqına çağırış: “Çətin vəziyyətdəyik, ...”

“... Qənaət edin” Fransanın baş naziri Fransua Bayru 2026-cı il büdcəsi ərəfəsində dövlət maliyyəsində ciddi ixtisarların aparılacağını açıqlayıb. Bayru, dövlət xərclərini azaltmaq üçün 40 milyard avroluq böyük bir qənaət planı hazırladıqlarını açıqlayıb. Baş nazir "Fransız xalqı həqiqəti bilməlidir. Bu, faktlarla üzləşmə dövrüdür”, – deyərək ölkənin iqtisadi reallıqlarına diqqət çəkib.

***

Bayrunun sözlərinə görə, büdcə kəsirinin əsas səbəbi Fransanın kifayət qədər istehsal və məşğulluq imkanlarının olmamasıdır. “Ölkəmiz kifayət qədər istehsal etmir, kifayət qədər işləmir. Adambaşına istehsal tempimiz qonşularımızla eyni olsaydı, büdcə kəsirimiz olmazdı”.

O, həmçinin gənclər və yaşlılar arasında məşğulluq səviyyəsinin aşağı olmasının da maliyyə böhranını daha da dərinləşdirdiyini vurğulayıb.

***

Qənaət planlarına baxmayaraq, Bayru müdafiə büdcəsinə əlavə 3 milyard avro artım da elan edib. Rusiyanın Ukraynaya müdaxiləsini və ABŞ-ın strateji istiqamətini dəyişməsini əsas gətirən Bayru deyib ki, Avropa indi öz müdafiəsini həyata keçirməlidir.

Aprelin 15-də Matinyonda başlanmış dövlət maliyyə konfransı üç aylıq məsləhətləşmə prosesinin ilk addımı idi. Prosesə millət vəkilləri, həmkarlar ittifaqları, bələdiyyə birlikləri və sosial təminat təşkilatları daxil edilib. Məqsəd iyulun 14-dək əsas qərarların dəqiqləşdirilməsidir.

Bayru, “Artıq sentyabr ayını gözləməyəcəyik, daha erkən və daha qətiyyətli hərəkət edəcəyik”, – deyərək prosesin sürətləndiriləcəyini açıqlayıb.

***

Yeni iqtisadi siyasət çərçivəsində “ortaq məsuliyyət” yanaşması qəbul ediləcək. Bayrunun mesajı aydındır: “40 milyard avro qənaət görünməmiş bir hadisədir. Bu, hər kəsin kəmərini sıxması deməkdir”.

 





16.04.2025    çap et  çap et