Vaxt.Az

İrandan ABŞ-a açıq cavab


 

“Uran zənginləşdirmək danışıqlar mövzusu deyil"

İrandan ABŞ-a açıq cavab İran Omandakı kritik danışıqlardan əvvəl uranı zənginləşdirmək hüququndan imtina etməyəcəyini bəyan edib. Xarici işlər naziri Abbas Araqçının bəyanatı ABŞ-ın sərt tələblərinə açıq cavabdır. Bütün diqqətlər Tramp administrasiyasının hərbi təhdidi altında şənbə günü keçiriləcək danışıqların ikinci raundundadır.

İran xarici işlər naziri Abbas Araqçı bu həftəsonu Omanda keçiriləcək danışıqların ikinci raundu öncəsi deyib ki, “ölkəsinin uranı zənginləşdirmək hüququ müzakirə olunmur”.

Araqçının bəyanatları ABŞ-ın baş müzakirəçisi Stiv Vitkoffun “İran zənginləşdirməni tamamilə dayandırmalı və aradan qaldırmalıdır” sözlərinə cavab olub. “Biz Vitkoffdan ziddiyyətli açıqlamalar eşitdik, lakin real mövqelər danışıqlar masasında bəlli olacaq”, – deyə Araqçı bildirib.

İranın sürətlə irəliləyən nüvə proqramı danışıqların şənbə günü keçiriləcək ikinci raundunda müzakirə olunacaq. ABŞ prezidenti Donald Tramp razılaşma əldə olunmasa, hərbi müdaxilə ilə hədələyir.

İran isə danışıqlar ərəfəsində diplomatik gedişlərini davam etdirir. İran dövlət mediasının məlumatına görə, Araqçı danışıqlardan əvvəl Rusiyaya səfər edəcək və İranın ali dini lideri Əli Xameneyinin mesajını Rusiya prezidenti Vladimir Putinə çatdıracaq.

Bu arada Kreml rəsmiləri Rusiyanın İranın zənginləşdirilmiş uran ehtiyatına nəzarəti ələ almağa razı olub-olmayacağı ilə bağlı suallardan yayınıblar.

“The Guardian” yazır ki, Vaşinqton İrandan öz uran ehtiyatlarını üçüncü ölkəyə, ehtimal ki, Rusiyaya ötürməsini istəyir. Bununla belə, Tehranın bu təklifi rədd etməyə hazırlaşdığı iddia edilir.

 





16.04.2025    çap et  çap et