Vaxt.Az

Tariflər “Tesla”nın planlarını alt-üst etdi


 

Mask “Cybercab” və “Semi” modellərinin sınağına başlamağı planlaşdırırdı

Tariflər “Tesla”nın planlarını alt-üst etdi ABŞ prezidenti Donald Trampın Çin mənşəli məhsullara tətbiq etdiyi yüksək gömrük rüsumları səbəbindən “Tesla” çətin dövr yaşayır. “Reuters”ə danışan məsələ ilə bağlı bilavasitə məlumatı olan bir mənbəyə görə, “Tesla”nın maraqla gözlənilən “robotaxi” modeli “Cybercab” və ağır yük avtomobili modeli “Semi” üçün Çindən hissələrin idxalı dayandırılıb. Bu, hər iki modelin kütləvi istehsal qrafikini gecikdirə bilər.

***

Başlanğıcda Tramp administrasiyasının Çin məhsullarına tətbiq etdiyi 34 faizlik əlavə tarifi qəbul etməyi planlaşdıran “Tesla”, daha sonra vergi dərəcələrinin müvafiq olaraq 84 faizə, daha sonra isə 125 faizə yüksəldilməsi ilə böyük maliyyə yükü ilə üzləşdi. Hazırda Çin mallarına tətbiq edilən ümumi vergi dərəcəsi 145 faizə çatıb. Bu səbəbdən “Tesla” ehtiyat hissələri tədarükü planlarını müvəqqəti olaraq dayandırıb.

***

Məlumatlara görə, “Tesla” oktyabr ayında “Cybercab” və “Semi” modellərinin sınaq istehsalına başlamağı planlaşdırırdı. Kütləvi istehsal 2026-cı il üçün nəzərdə tutulmuşdu. Bununla belə, mövcud inkişaflar bu cədvəli təhlükə altına qoya bilər.

***

“The Washington Post” qəzetinin yazdığına görə, məsələ ilə bağlı mətbuata açıqlama verməkdən yayınan “Tesla” sahibi Elon Mask birbaşa Trampla əlaqə saxlayıb və yeni tətbiq edilən yüksək vergilərin geri götürülməsini istəyib. Digər tərəfdən, son vaxtlar “Tesla”nın qlobal satış rəqəmlərində ciddi azalma müşahidə olunur. Bundan əlavə, bəzi ölkələrdə, xüsusən də ABŞ-da “Tesla” mağazalarına qarşı etirazlar və hücumlar olub.

 





16.04.2025    çap et  çap et