“The Wall Street Journal” (WSJ) yazır ki, FTC məhkəməyə başlamaqdan qaçmaq üçün “Meta” şirkətinin baş direktoru Zakkerberqdən 30 milyard dollar istəyib. Bununla belə, Zakkerberqin martın sonuna doğru 450 milyon dollar təkliflə cavab verdiyi bildirilir.
Adının açıqlanmasını istəməyən WSJ-yə danışan mənbələr bildirirlər ki, Zakkerberq bu təklifi ABŞ prezidenti Donald Trampın dəstəyini alacağına əminliklə edib.
FTC direktoru Endrü Ferqüsonun “Instagram” və “WhatsApp”ın dəyərini nəzərə alaraq təklifi rədd etdiyi və 18 milyard dollardan aşağı qiymətə razılaşmanın mümkün olmadığı yazılır. Bildirilir ki, bundan sonra Zakkerberq təklifini 1 milyard dollara çatdırıb, lakin Ferqüson məbləği yetərsiz hesab edib.
Ağ Ev rəsmiləri deyirlər ki, “Meta” şirkətinin icraçı direktoru məhkəmə prosesinin başlanmasının qarşısını almaq üçün çox lobbiçilik edib və Tramp əvvəlcə “Meta” və Zakkerberqlə sövdələşməyə daha açıq görünsə də, sonradan fikrini dəyişib.
Mənbələrin məlumatına görə, Ferqüson aprelin 8-də Trampla Oval kabinetdə görüşüb, məsələni müzakirə edib. İclasda Ədliyyə Departamentinin antiinhisar departamentinin direktoru Geyl Slater də iştirak edib. Bildirilir ki, Ferqüson və komandası Trampa məhkəmə prosesinin başlanmasını təsdiq etməyi məsləhət görüb.
Zakkerberq Trampla ikinci dövründə yaxın münasibət qurmuş, Respublikaçılar liderinin fonduna 1 milyon dollar bağışlamışdı. Tramp 2021-ci il yanvarın 6-da Konqresə hücum zamanı etdiyi paylaşımlara görə “Facebook” hesabının bağlanmasından sonra senzuraya məruz qaldığını iddia edərək “Meta”ya qarşı iddia qaldırmışdı. ABŞ prezidenti yanvar ayında vəzifəyə gəldikdən sonra “Meta” ilə razılıq əldə edildi və Zakkerberqin şirkəti 25 milyon dollar ödəməyə razı oldu.
“WSJ” hesabatında bildirilir ki, antiinhisar işinə qarşı Trampdan dəstək tapa bilməyən Zakerberq Respublikaçılar liderinin administrasiyasında “sərmayələrinin qarşılığını almayıb”.
***
FTC 2020-ci ildə “Meta”nı məhkəməyə vermişdi, 2012-ci ildə “Instagram”ı 1 milyard dollara və “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara aldığı zaman sosial mediada inhisarını saxlamaq üçün qeyri-qanuni hərəkət etmişdi.
Bazar ertəsi keçirilən ilk məhkəmə iclasında Zakkerberq “Meta”nın şirkəti inhisara almağa çalışdığına dair iddiaları rədd edib. Dinləmələrin bir neçə həftə davam edəcəyi gözlənilir.