Vaxt.Az

Bayden Trampı tənqid etdi


 

“Biz əvvəllər belə daxili parçalanma görməmişdik”

Bayden Trampı tənqid etdi ABŞ-ın keçmiş prezidenti Co Bayden dünən prezident Donald Trampın Ağ Evə qayıtmasından sonra etdiyi ilk böyük çıxışında ABŞ-ın yeni administrasiyasının sosial təminatla bağlı yanaşmasını sərt şəkildə tənqid edib və ölkədə parçalanmaların dərinləşdiyi barədə xəbərdarlıq edib.

82 yaşlı eks-prezident Çikaqoda keçirilən “Əlillərin Vəkilləri və Nümayəndələri” konfransında “Biz belə bölünmüş bir millət olmağa davam edə bilmərik”, – dedi. Bayden Tramp tərəfdarları ilə Demokratlar arasında böyüyən fikir ayrılığına toxunaraq, “Biz əvvəllər heç vaxt belə bir bölünmə görməmişdik”, – dedi.

Bayden yeni administrasiyanın sosial siyasətlərinə sərt hücuma keçərək, onların vəzifəyə gəldiyi gündən 100 gündən az müddətdə ölkəyə ciddi ziyan vurduğunu iddia edib. O qeyd edib ki, 7000-ə yaxın dövlət işçisi ixtisar edilib və bu, İT büdcəsində azalmalar səbəbindən rəsmi hökumət saytlarının fəaliyyətinin dayandırılması kimi böyük fasilələrə səbəb olub.

Qeyd etmək lazımdır ki, “Sosial Təminat” təqaüdçülərə, əlillərə və ya vəfat etmiş işçilərin ailələrinə maliyyə yardımı göstərən ABŞ hökuməti proqramıdır.

Bayden “Sosial Təminat”ın “müqəddəs layihə” olduğunu vurğulayaraq, “İnsanlar hazırda həqiqətən narahatdırlar... Tarixdə ilk və yeganə dəfə müavinətlərinin gecikdiriləcəyi və ya dayandırılacağı qorxusu var”, – deyib. Çıxışının sonunda yavaş-yavaş podium pilləkənlərini enən Bayden ön cərgədəki iştirakçılarla bir müddət söhbət edib.

Bayden, partiya daxilində yaşı və psixi sağlamlığı ilə bağlı narahatlıqları artıran televiziya debatında zəif performans göstərdikdən sonra iyul ayında prezidentlik yarışından çıxdı. Keçmiş vitse-prezident Kamala Harris Demokratların namizədi idi, lakin seçkidə böyük fərqlə Trampa uduzdu.

 





16.04.2025    çap et  çap et