Vaxt.Az

“İşsizlik inflyasiyanı artıra bilər”


 

FED sədri: “Tarif artımlarının səviyyəsi gözləniləndən çox böyükdür”

“İşsizlik inflyasiyanı artıra bilər” FED sədri Cerom Pauell Çikaqo İqtisadiyyat Klubunda çıxış edib. O vurğulayıb ki, mərkəzi bank tarifə bağlı qiymət artımlarının inflyasiyada daha davamlı artıma səbəb olmasının qarşısını almağa yönəlib.

Pauell bildirib ki, iqtisadiyyat yüksək qeyri-müəyyənliklərə və aşağı risklərə baxmayaraq güclü olaraq qalır.

Pauell deyib ki, biznes və ev təsərrüfatlarının inamında kəskin azalma və artan qeyri-müəyyənlik ticarət siyasəti ilə bağlı narahatlıqları əks etdirir.

Pauell, FED-in hazırda yaxşı vəziyyətdə olduğunu söylədi.

FED sədri indiyə qədər açıqlanan tarif artımlarının səviyyəsinin gözləniləndən çox daha böyük olduğunu söyləyərək, “Eyni şey, daha yüksək inflyasiya və daha yavaş böyüməni əhatə edəcək iqtisadi təsirlər üçün də mümkün ola bilər”, – deyib.

Tariflərin inflyasiyanın ən azı müvəqqəti artmasına səbəb olacağı ehtimalının olduğunu deyən Pauell, tariflərin inflyasiyaya təsirinin tariflərin ölçüsü, onların iqtisadiyyatda əks olunmasının nə qədər vaxt alacağı və inflyasiya gözləntilərinin nə qədər möhkəm bağlandığı kimi amillərdən asılı olacağını bildirib.

“Bizim öhdəliyimiz uzunmüddətli inflyasiya gözləntilərini yaxşı lövbər saxlamaq və qiymət səviyyəsində birdəfəlik artımın davam edən inflyasiya probleminə çevrilməməsini təmin etməkdir”.

Pauell, bu öhdəliyi yerinə yetirmək üçün hərəkətə keçərkən maksimum məşğulluq və qiymət sabitliyi hədəflərini tarazlayacağımızı qeyd edərək, “İnflyasiya və məşğulluq hədəflərimizin gərginlik içində olduğu çətin bir ssenaridə özümüzü tapa bilərik”, – deyib.

FED sədri çıxışında iqtisadiyyatın mərkəzi bankın məşğulluq və qiymət hədəflərindən “uzaqlaşdığını” ifadə etdi.

***

Çıxışından sonra Pauell iqtisadi baxışla bağlı sualları da cavablandırıb.

“Düşünürəm ki, biz yəqin ki, bu ilin qalan hissəsi üçün bu hədəflərdən uzaqlaşacağıq və ya heç olmasa onlar üzrə heç bir irəliləyiş əldə etməyəcəyik, sonra isə bacardığımız qədər bu istiqamətdə irəliləməyə davam edəcəyik”, – deyən Pauell, işsizliyin arta biləcəyini və tariflərin iqtisadiyyatın yavaşlaması ilə inflyasiyanı artıra biləcəyini əlavə etdi.

Pauell, tariflərə görə baş verə biləcək tədarük zəncirindəki fasilələrin aradan qaldırılmasının zaman alacağına və bunun birdəfəlik inflyasiya şokunun uzanmasına və bəlkə də daha qalıcı olmasına səbəb ola biləcəyinə diqqət çəkdi.

Pauell vurğulayıb ki, risklər struktur olaraq daha yüksək qalsa, ABŞ daha az cəlbedici ola bilər.

Bazarların baş verənləri qiymətləndirdiyini deyən Pauell, “Əsl məsələ siyasətdir, xüsusilə də ticarət siyasətidir. Əsl sual bunun hara getdiyidir. Bunu hələ bilmirik və bilmədən məlumatlı mühakimə yürüdə bilmərik. Bazarlar çoxlu qeyri-müəyyənliklə mübarizə aparır və bu, dəyişkənlik deməkdir”, – deyib.

Pauell qeyd edib ki, bazarlar belə çətin vəziyyətdə olmasına baxmayaraq gözlənildiyi kimi çıxış edir.

***

Pauell, istiqraz bazarındakı dalğalanmalara da toxunaraq, nə baş verdiyini dəqiq söyləmək üçün hələ tez olduğunu düşündüyünü bildirib.

“Bazarlar tarixən görünməmiş inkişafları və böyük miqdarda qeyri-müəyyənliyi həzm etməyə çalışır. Çox güman ki, davamlı dəyişkənliyin şahidi olacaqsınız”, – Pauell deyib.

Pauell bildirib ki, ehtiyatlar güclüdür, lakin onlar balansı daraltmağı dayandıracaqları nöqtəyə yaxın deyillər.

Dollar qıtlığı yaranarsa, qlobal mərkəzi banklara dollar tədarük etməyə hazır olub-olmamaları ilə bağlı suala Pauell belə, “Tamamilə”, – cavabını verib.

 





16.04.2025    çap et  çap et