Dünya şöhrətli sahibkar İlon Mask daha çox uşaq dünyaya gətirməli olduğuna inandığını açıq şəkildə ifadə edir və indiyədək onun 14 uşaq atası olduğu rəsmi şəkildə məlumdur.
Çox milyardlıq sərvəti ilə yaşayışın baha başa gəlməsi kimi məsələlər ona təsir etməsə də, valideynlik ilə bağlı yaranan bəzi çətinliklərdən qaça bilmir.
***
53 yaşlı Maskın hazırda mühafizəkar Eşli Sent Kler ilə mübahisəsi davam edir. Sent Kler sosial mediada verdiyi açıqlamada Maskın 13-cü övladını dünyaya gətirdiyini iddia edib.
Mask bu iddianı açıq şəkildə təsdiqləməsə də, “The Wall Street Journal”a görə atalıq testinin nəticəsinə görə Maskın uşağın atası olması ehtimalı 99,9999 faizdir. Məlumata görə, körpə oğlandır, adı Romulusdur.
Maskın uşaqlarının anaları ilə bağlı tələbləri təkcə atalıq testləri ilə məhdudlaşmır. “The Wall Street Journal” xəbər verir ki, Mask uşaqlarının analarından körpələrini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirmələrini istəyib, çünki bunun uşağa “daha böyük beyin” qazandıracağına inanır.
Lakin bu iddianın heç bir tibbi əsası yoxdur. Sent Klerin bu tələbi rədd etdiyi və digər anaların doğum üsulları ilə bağlı dəqiq məlumat olmadığı bildirilir.
***
Maskın ağlını başından alan tələblərdən biri də bütün uşaqlarının və analarının ABŞ-ın Texas ştatının Ostin şəhərindəki xüsusi malikanədə birlikdə yaşamalarıdır.
Bu istək “kult kimi” görünsə də, söhbət dünyanın ən zəngin adamından gedirsə, hər şey başqa cür qəbul olunmalıdır. Məlumatlara görə, hazırda kampusda yalnız “Neuralink”in icraçı direktoru, Maskın dörd uşağının anası Şivon Zilis yaşayır. Məlumata görə, Qrayms (Claire Boucher) və Ashley Sent Kler bu tələbi rədd ediblər.
Digər tərəfdən, Kler Maskın uşaqlarının analarına susmaq üçün ciddi məbləğdə pul təklif etdiyini də iddia edib.
O, 21 yaşı tamam olana qədər övladına Maskın ata olduğunu deməməsi müqabilində ona 15 milyon dollar və əlavə 100 min dollar təklif edildiyini söyləyib.
O, eyni təklifin uzun illər Maskın şəxsi işləri ilə məşğul olan Ceyred Birçoll vasitəsilə digər analara da edildiyini iddia edib.
***
İlon Maskın ilk övladı 2002-ci ildə kanadalı yazıçı və keçmiş həyat yoldaşı Castin Uilsonun dünyaya gətirdiyi Nevada adlı oğlu idi. Ancaq körpə doğuşdan cəmi 10 həftə sonra dünyasını dəyişdi. Bu ağrılı itkidən sonra cütlüyün daha beş övladı dünyaya gəldi: əkizlər Vivian və Qriffin (20), üçəm Kay, Sakson və Damian (19).
Mask daha sonra Qrimes ilə üç uşaq atası oldu: oğulları X Æ A-Xii (“X Ash A Twelve”), Tau Teçno Mexanikus və qızı Eksa Dark Sideril, surroqat anadan dünyaya gəldi.
Şivon Zilislə münasibəti nəticəsində Maskın dörd övladı var:
2021-ci il təvəllüdlü Strider və Azure əkizləri, 2024-cü il təvəllüdlü qızı Arkadia və 2025-ci ilin martında anadan olan oğlu Seldon Likurqus.