Vaxt.Az

Bağlı qapılar arxasında dram


 

İranlı diplomatın oğurladığı Çin malı qızıl qələm

Bağlı qapılar arxasında dram İki gün sonra, 17 Aprel, 2025, Məsqət, Omanın paytaxtı, Dış İşlər Nazirliyi binasının qarşısı. Mikrofonlar bir-birinin belinə minməyə çalışır.

Üç nəfər öndə durub.

İkisinin üz-gözü yaman bir-birinə qarışıb. Onlardan birinin gözləri xumar-xumar gülür. Üzü pörtləyib, burnunun ucunacan qıpqırmızı qızarıb. Sinəsini qabardıb, bir əli də cibində hamıya yuxarıdan aşağı baxır.

O birinin gözləri gedir. Sanki davasının vaxtı çoxdan keçib. Bənizi gömgöy boğulub. Sudan çəkib eşiyə atmışlar kimi düşkün görünür.

Biri də ərəb geyimində istədiyini almışlar kimi başdan ayağa zəfər gülümsəməsinə dalıb.

İkinci adam ağzına uzadılmış mikrofonları heç görmür kimi altını bulamış bir uşaq səsiylə bir şeylər deməyə çalışır:

– Biz əvvəldə işi qoşmuşduq. Hər şey yaxşı qabağa gedirdi ...

Bir an gözlərini yumub başını aşağı saldı.

– ... Amma, cənab Vitkaf (ürəyində bu amerikalı şərəfsiz) qələmini çıxartdı. Qələmi görcək dedim, bu qələm o qələmlərə bənzəməz! Qalan Amerika tərəfi hamısı qələmlərini çıxartdı. Hamısının gözündən hənnas-xənnas yağırdı. Biz işi anladıq. Bizim siyasətimiz, xəttimiz bəllidir, şəffafdır. Bizə belə dəstur verilmişdi: “Amerika tərəfi insaflı çıxsa, şərtlərini qəbul edin. Yox zorlamaq istəsələr, qabaqlarında dayanın. Təslim olmayın”. Biz onlardan bu dəfə insaf gözləyirdik. Çünki qabaqkı dəfə demək olar onların bütün şərtlərini qəbul etmişdik. Amma bu dəfə hər dəfəkindən daha artıq zorbalıqlarına saldılar.

– Sonra nə oldu? (İSNA jurnalisti)

– Biz onların qabağında dayandıq. Onlar öz tərəflərinə çəkdi, biz öz tərəfimizə. Onlar çəkdi, biz çəkdik. Onlar çəkdi biz çəkdik. Axırda haray-dadımız göylərə çıxdı! (Jurnalistlərə) Bə siz eşitmirdiz?

– Yox qurban. Bunca bağlı qapı dalından bura səs gələr? (Jurnalistlərdən üç-dördü birlikdə səsləndi.)

– Hər halda onlar zorladıqca biz dayandıq. Təslim olmadıq. Biz təslim olmarıq. Bizim də özümüzə görə şərtlərimiz var.

– Sonuc nə oldu? IRNA jurnalisti soruşdu.

– Əlimizdən gəldikcə biz initafımızı görsətməyə çalışdıq, amma onlar çox namərdcəsinə sərt çıxdılar.

Onun arxasında durmuş kıravatsızlar (qalstuksuzlar – vaxt.az) sanki cəngi qəniməti qoruyan kimi əllərini qoltuq ciblərinin üstünə qoymuşdu.

Bir nəfər ərəb geyimli məmur qaça-qaça özünü arxadan üçüncü gülümsər adama yetirib qulağına dedi:

– Şeyxim, bu gədələr bu dəfə qələmlərin hamısını çırpışdırıb!

– Üstünü vurma. Onsuz da qələmlər hamısı ucuz Çin malıydı!

(Qaraşın üzünə ağ dişlərlə gülümsəmə çox yaraşırdı.)

15 Aprel, 2025

 





17.04.2025    çap et  çap et