Paşinyan artıq yeni Konstitusiyanın hazırlanması prosesinə start verilməsi və sənədin ümumxalq referendumu ilə təsdiq olunması barədə göstəriş verib. Əgər əvvəllər Ermənistan rəhbərliyi bu məsələdə qeyri-müəyyənlik nümayiş etdirirdisə, indi baş nazir aydın şəkildə bəyan edir: Dağlıq Qarabağa iddialar simvoluna çevrilmiş istinad arxivə göndərilir.
Bununla belə, Paşinyan hesab edir ki, son söz erməni xalqına məxsusdur – yeni əsas qanun layihəsi 2026-cı ilin mayında keçiriləcək parlament seçkiləri ilə eyni gündə referendumda xalqın ixtiyarına veriləcək.
Bu addım İrəvanın sülh prosesinə siyasi iradə göstərməyə hazır olduğunu göstərsə də, onun real nəticələrə çevrilməsi üçün hələ uzun yol var. Bakı tərəfi isə bu barədə açıq danışır: Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın səbrini sadəcə vədlərlə yoxlamaq olmaz – Bakı hüquqi təminatlı və rəsmi təsdiqlənmiş qərarlar tələb edir. Beləliklə, Ermənistanla sülh müqaviləsinin imzalanması ən azı bir il sonraya təxirə salınır.