Vaxt.Az

Quzuya dönmüş yırtıcı...


 

Fürsətdən maksimum yararlanmalıyıq

Quzuya dönmüş yırtıcı... 15 erməninin ədalət məhkəməsi davam edir. Bu 15 nəfərin siyahısında ilk sırada bu fotoşəkildə gördüyünüz giyen dayanır. Arkadi Qukasyan adlı giyen.

Bu giyen 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğal edilməsində, Xankəndidə yaşayan azərbaycanlıların oradan zorla çıxarılmasında, Xocalı soyqırımının törədilməsində, əsir düşən soydaşlarımıza işgəncə verilməsində xüsusi fəallıq göstərib.

O, həmçinin işğal dövründə mətbuata verdiyi müsahibə və açıqlamalarında bizim milli heysiyyətimizə toxunmaq məqsədilə alçaldıcı ifadələr səsləndirib və özünü Qarabağda “xozeyin” kimi aparıb.

1997-2007-ci illərdə özünü keçmiş qondarma “dqr”-nin “prezident”i elan edən bu irqçi erməni aprelin 17-də Bakı Məhkəmə Kompleksində davam etdirilən prosesdə 33-34 il öncə azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf etdi.

Özü də burada söhbət sadəcə dinc şəkildə çıxmağa məcbur edilməkdən getmir. Həmin vaxt Arkadi Qukasyan, Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Vitali Balasanyan, Samvel Babayan və digərləri başda olmaqla “saqqallı”, “yaraqlı”, “boyevik” adlandırılan erməni separatçı-terrorçuları tərəfindən Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Qarabağ İpək Kombinatında və Karşel Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalıblar. Həmçinin, həmin kombinatlarda ən zərərli sexlərdə işləyən 70-dən çox xocalılı qadınlara müxtəlif formalarda təzyiq göstərib və onların üzərinə qaynar su töküblər, fiziki xəsarət yetiriblər, təhqir ediblər.

1991-ci ilin sonlarında Meşəli kəndini tamamilə yandıran və 30-a yaxın kənd sakinini qətlə yetirən ermənilər daha sonra Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndlərində də eyni ssenarini təkrarlayaraq Xocalı soyqırımı üçün zəmin hazırlayıblar. Və bütün bu qeyri-insani vəhşiliklərin təşkilatçıları, icraçıları sonradan zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunub, prezident və nazir vəzifələrini tutublar.

Türklərə dərin nifrət bəsləyən Arkadi Qukasyan da Ermənistanın Azərbaycan xalqına qarşı dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin başında dayananlardan, əsas icraçılarından biri olub. O, indi quzuya dönmüş yırtıcı obrazında çıxış edir.

Bu gün Vladimir Poxosyan kimi başqa bir quldur və cinayətkar “Noyon Tapan”ın efirindən Arkadi Qukasyanı və digər 14 separatçı-terrorçunu “girov” adlandırıb dünya birliyini onların müdafiəsinə çağırır və Azərbaycanın “cinayət”lərinə göz yummaqda ittiham edir. 

Azərbaycan isə bu nasist quldurların insanlıq əleyhinə cinayətlərini ifşa etməklə bütün dünyaya göstərmək istəyir ki, söhbət hansısa mülki şəxslərdən və ya “girov”lardan yox, məhz müharibə canilərindən gedir.

Əlbəttə, ermənilərin gerçək üzünü açıb dünyaya göstərmək elə də asan deyil. Lakin bu məhkəmə erməni faşizmini ifşa etməyimiz üçün əvəzolunmaz fürsətdir. Bu fürsətdən maksimum yararlanmalıyıq.

(ardı var)

 





18.04.2025    çap et  çap et