Məlumdur ki, ABŞ-ın mümkün hücumlarına cavab olaraq, İran rəhbərliyi Körfəz Ərəblərinin neft yataqlarını bombalamaqla təhdid edir. Əslində bu təhdid İranın Tramp hakimiyyəti qarşısındakı ən böyük rıçağı sayılır. Çünki Körfəzin partladılması qlobal miqyaslı enerji böhranı deməkdir ki, bu da neftin qiymətinin kəskin azaldılmasına dair strategiya izləyən Tramp hökuməti üçün ciddi problem olacaq. Ümumiyyətlə, belə bir enerji böhranı bütün dünya iqtisadiyyatını alt-üst edə bilər.
Son həftələrdə Körfəz ölkələrinin İrana qarşı mümkün hücumlarda iştirak etməyəcəyinə dair xəbərlər gündəmə gəlir. Bəllidir ki, ərəblər ortaya çıxa biləcək müharibədən mümkün qədər uzaqda qalmağa, özlərini qorumağa çalışırlar. Təbii ki, neft yataqlarının təhlükəsizliyi Səudiyyə Krallığı üçün müstəsna əhəmiyyətli mövzudur, ölkənin mövcudluq məsələsidir. Bu mənada, mümkün ABŞ-İran toqquşmasından kənarda qalmaq Səudiyyə üçün də bir nömrəli prioritetdir. Yəqin ki, kral Salmanın Xameneyiyə məktubunun əsas məzmununu da bu mövzu təşkil edir. Trampın mayın ortalarında Səudiyyəyə səfər edəcəyini nəzərə alsaq, kral Salmanın məktubunda ABŞ ilə İran arasında diplomatiyaya zəmin yaratmaq məqsədi də yer ala bilər.
Maraqlıdır ki, Xameneyi “irəliləyiş əldə etdiyimiz sahələrdə sizə dəstək göstərməyə hazırıq” sözləri ilə şahzadə Xalidə nüvə sahəsində əməkdaşlıq edə biləcəklərinə dair mesaj da verib. Səudiyyənin uzunmüddətdir mülki nüvə proqramına başlamaq üçün ABŞ ilə danışıqlar apardığı, lakin nəticə əldə edə bilmədi məlumdur. Yəqin ki, Xameneyi alternativ yol təklif etməklə, ABŞ-Səudiyyə münasibətlərində nüvə ilə bağlı anlaşmazlığı daha da alovlandırmağa çalışır.
Nə qədər ağlasığmaz görünsə də, Yaxın Şərqdə Səudiyyənin ABŞ ilə İran arasında danışıqlara vasitəçilik etməyə çalışdığı, İranın Səudiyyəyə nüvə proqramına başlamaq üçün dəstək təklif etdiyi bir dövrə şahidlik edirik. Milli maraqlar rəqib iki dini rejimi taktiki tərəfdaşlığa məcbur edir.