Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub.
Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub.
Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb.