Vaxt.Az

Brüssel vasitəçilik nüfuzunu itirib


 

Avropa Birliyinin Cənubi Qafqazda rolu barədə

Brüssel vasitəçilik nüfuzunu itirib Avropa Birliyinin (AB) Xarici İşlər Nazirlərinin görüşündə müzakirələrin gündəliyinə Ukrayna, Suriya, Afrika və Qərbi Balkanlarla yanaşı, Azərbaycan – Ermənistan mövzusu da daxil edilib. AB Cənubi Qafqaz məsələsini prioritet sahə hesab edir.

KİV-in məlumatına görə, görüşdə Sülh Fondu adlanan qurumdan Ermənistana növbəti 10 milyon avro məbləğində hərbi yardımın verilməsinə təşəbbüs göstərilib, lakin Macarıstan veto hüququndan istifadə edib. Ötən ilki cəhd zamanı digər fonddan minaların təmizlənməsi üçün Azərbaycana analoji məbləğ ayrılandan sonra Macarıstan öz vetosunu geri götürüb. AB Ermənistanı Sülh Fondundan vəsait alan ölkələr sırasına əlavə etmək məqsədi ilə Azərbaycana minalardan təmizləmək üçün yardım edib. Bu, xalis erməni-mərkəzçilikdir.

 

Əvvəl və indi

 

Gəlin AB-nin regionda əvvəlki və hazırkı mövqelərini qısaca nəzərdən keçirək.

2022-2023-cü illərdə AB-nin fəal siyasəti aşağıdakı nəticələrə gətirib çıxardı:

– AB Azərbaycanla Ermənistan arasında vasitəçilərdən birinə çevrildi;

– Gürcüstan AB üzvlüyünə namizəd statusu aldı:

– Ermənistanda Azərbaycanla əməkdaşlıq edən (cəmi 2022-ci ilin iki ayı) AB missiyası yerləşdirildi;

– Azərbaycanla enerji sektorunda tərəfdaşlığın strateji səviyyəsinə dair sənəd imzalandı.

 

Gördüyümüz kimi, nəticələr var idi, xüsusən də Rusiya ilə rəqabət müstəvisində.

Lakin Fransanın AB-nin xarici siyasətinə mənfi təsiri, avropalı məmurların zəifliyi, birbaşa manipulyasiya, erməni mərkəzli yanaşma və geosiyasi çalarlı kobud təşəbbüslər aşağıdakı nəticələrə gətirib çıxardı:

 

– AB Azərbaycan və Ermənistan arasında vasitəçi nüfuzunu itirdi və öz mövqelərini bərpa etmək potensialına malik deyil;

– Gürcüstanın AB-yə namizəd statusu donduruldu və hazırda AB Gürcüstana məhəl qoymur:

– 2024-cü ilin aprelində Ermənistanla dəstək haqqında sənəd imzalandı. AB missiyası Ermənistanda qalmağa davam edəcək, lakin sülh müqaviləsi imzalansa, missiya yerini dəyişməli olacaq. Ermənistanın AB ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə illik müqayisədə 14,1 faiz azalaraq 2,1 milyard dollar təşkil edib. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi isə analoji dövr üçün 56,5 faiz artaraq 12,4 milyard dollara çatıb.

– Yaşıl Gündəmin qaydaları AB maliyyə institutlarına bərpa olunmayan enerji mənbələri üzrə layihələri maliyyələşdirməyə imkan vermədiyi üçün enerji sektorunda Azərbaycanla tərəfdaşlıq dalana dirənib. Azərbaycan qazının Avropa ölkələrinə tədarük həcminin artırılması Azərbaycanla Şərqi Avropa ölkələri arasında ikitərəfli sazişlər hesabına əldə edilir.

 

Reallığın inkarı

 

Avropa komissarı Ursula von der Leyenin Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri ilə bağlı son açıqlamaları coğrafiyaya, reallığa məhəl qoymamanın bariz nümunəsidir. O, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını vurğulayıb, mövcud Azərbaycan-Gürcüstan marşrutunu isə görməzdən gəlib.

AB-nin Gürcüstana məhəl qoymaması Gürcüstan hökumətini Rusiya ilə tək və Kremlin təzyiqi altında qoyur. Azərbaycan və Türkiyə AB-nin Tiflis ilə Moskva arasında balansda yaratdığı boşluğu doldurmaq üçün Gürcüstana getdikcə daha çox dəstək verir. Əks halda, Tiflisin Moskva ilə münasibətlərin qurulmasının ilkin şərtinin Gürcüstan ərazilərinin işğaldan azad edilməsi olduğu barədə bəyanatlar verməsi çətin olardı. AB regionda Rusiya ilə belə “rəqabət aparır”!

Bölgədə AB-nin təsirini nəzərə almamaq mümkün deyil. Lakin Azərbaycan və Gürcüstanın maraqlarına məhəl qoymadığından, reallıq və məntiqlə ziddiyyət təşkil etdiyindən, regionda geosiyasi gərginliyi stimullaşdırdığından AB-nin bütün regional gündəliyi ilə razılaşmaq mümkün deyil.

 

Nə etməli?

 

Görünür, Azərbaycanın regiondakı geosiyasi güc mərkəzlərinin hər hansı təşəbbüslərini konstruktivlik və Azərbaycanın öz maraqları çərçivəsinə salması strategiyası AB-yə də şamil olunacaq. Bu, həm diplomatik müstəvidə, həm də yerdə birbaşa ziddiyyətlər, mövqelərin toqquşması və gərginliklə müşayiət olunan mürəkkəb prosesdir. Əks halda, Azərbaycan üçün təhlükələr daha da artacaq.

 





18.04.2025    çap et  çap et