Məqsəd isə ilk növbədə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Lakin abidələri və tarixi yerləri təkcə insanlar yox, həm də əlaqədar dövlət qurumları da qorumalıdır.
Əfsuslar olsun ki, Azərbaycan tarixi abidələri ən barbar münasibətə, vandalizmə məruz qalmış ölkələrdən biridir. Qərbi Azərbaycanda (indiki Ermənistan), xüsusən də İrəvanda izimizi, abidələrimizi tamamilə məhv ediblər.
30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı abidələrimiz də barbar ermənilər tərəfindən dağıdılıb, talan edilib.
Güney Azərbaycanda, o cümlədən Təbrizdə Səfəvi, Qacar dönəmlərinə aid tarixi məkanların bir çoxu fars-molla rejimi tərəfindən yerlə-yeksan edilib. Mollaların Güneydəki tarixi abidələrimizə qarşı “səlib” yürüşü bu gün də davam edir.
İraqda (Kərbəla) Məhəmməd Füzulinin, Suriyada (Hələb) İmadəddin Nəsiminin türbələri taleyin ümidinə qalıb.
Heç Azərbaycanın özündə də abidələrə, tarixi yerlərə münasibətimiz alqışlanası səviyyədə deyil. Naxçıvandakı tarixi məkanların bir çoxu son illərdə qüsurlu restavrasiya olunub.
Paytaxtda İçərişəhər az qala tarixilikdən çıxaraq başdan-başa restoran və kafelər oylağına çevrilib.
Bəzi bölgələrimizdə tarixi abidələrin ciddi şəkildə bərpa və mühafizəyə ehtiyacı var.
Tarixi tikililərin üzərində, qala divarlarında boya ilə öz adlarını yazmağa, oyma üsulu ilə həkk etməyə çalışan vandal gənclərimiz də bir ayrı dərddir.
Həmçinin, xəzinə, dəfinə axtarmaq adıyla qoç heykəllərini qıranlar, qədimi tikililərin yerləşdiyi ərazilərdə xüsusi cihazlarla gizli axtarış işləri aparan şəxslər də tarixi izlərimizi və irsimizi məhv edənlər sırasına daxildir.
Bütün bunlar onu göstərir ki, tarixi abidələrə, keçmiş irsimizə münasibətimiz düzgün deyil. Düzgün olsaydı, bu gün dünyanın Ermitaj, Luvr, Viktoriya və Albert, Metropoliten kimi məşhur muzeyləri Azərbaycan xalqına aid maddi-mədəni irs nümunələri ilə aşıb-daşmazdı.
P.S. Tarix şüurumuzu yeniləsək, abidələrə və tarixi yerlərə münasibətimiz də kökündən dəyişəcək.