Bu üç məsələnin hər üçü də eyni dərəcədə prioritet olmalıdır və paralel şəkildə yürüdülməlidir.
Yeri gəlmişkən, Ermənistanın üçüncü prezidenti olmuş Serj Sərkisyan Nikol Paşinyanın son günlərdə səsləndirdiyi sülh açıqlamalarına qarşı çıxış edərək, 2026-cı seçkilərində hazırkı hakimiyyəti devirmək hədəfini elan etdi.
Bəs, Serj Sərkisyan bunu təkbaşına bacararmı?
Yox, əsla bacarmaz.
Çünki Serj Sərkisyan artıq “siyasi meyit”ə çevrilib. Onun ictimai reytinqi olduqca aşağıdır. Lakin Putin bütün rusiyapərəst qüvvələri və kilsəni Sərkisyanın ətrafında cəmləyərək növbəti seçkilərdə Paşinyana həqiqətən də çox ciddi problemlər yarada bilər.
Digər tərəfdən, Azərbaycan isə prosesə müdaxilə edib (Türkiyənin dəstəyi ilə) Putinin Paşinyanı devirmək planlarını poza bilər. Buna nail olmağın ən optimal variantlarından biri də budur ki, Paşinyan yuxarıda adlarını çəkdiyim müharibə canilərini (Robert Köçəryan və Serj Sərkisyan başda olmaqla) seçkilərə qədər Azərbaycana təhvil verir və bununla da potensial rəqiblərini neytrallaşdırmış olur.
Deyəsən, Robert Köçəryanın özü də artıq onu belə bir aqibətin gözlədiyini hiss edib. Bu cani indidən udqunmağa və tez-tez su içməyə başlayıb...
Birinci Qarabağ müharibəsi zamanı erməni quldur dəstələrindən birinin səhra komandiri olmuş və Xocalı soyqırımının törədilməsində bilavasitə yaxından iştirak etmiş Robert Köçəryan bu yaxınlarda İrəvanda keçirdiyi böyük mətbuat konfransında bir tərəfdən “humanist” obrazına girərək, hazırda Bakıda mühakimə olunan erməni separatçılarının müdafiəsinə qalxdı, digər tərəfdən isə bildirdi ki, bu məhkəmə təkcə 15 nəfərin mühakiməsi ilə bitməyəcək.
Əcəba, Köçəryan bununla nə demək istəyirdi?
Görünən budur ki, R.Köçəryan önümüzdəki aylarda onun özünün də Bakıya təhvil verilə biləcəyindən duyuq düşüb, ona görə də “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət edərək elə bəri başdan Paşinyana qarşı hücuma keçib.
Bu baxımdan, Paşinyan da öz növbəsində vaxtı fövtə verməməli və bu işi isti-isti həll etməlidir. O, Köçəryan-Sərkisyan “banda”sını Azərbaycana təhvil verməklə həm öz seçki marafonu üzərindəki maneələri indidən təmizləməli, həm də tarixi ədalətin zəfər çalmasına töhfəsini verməlidir.
P.S. Bir sözlə, Paşinyan 2026-cı il seçkilərindən sonra da hakimiyyətdə qalmaq və Ermənistanı normal ölkəyə çevirmək istəyirsə, bundan sonra istisnasız olaraq Bakının (Parisin yox a, məhz Bakının) verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir.
(ardı var)