Vaxt.Az

Toz içində çiçək açan nəzm ...


 

... Yaxud ərəb adəmində qılınc və qəlb

Toz içində çiçək açan nəzm ... Böyük fəthlərin yaşandığı zamanlarda, səhranın qovrulmuş qumlarında yalnız sərt və döyüşkən ərəblər dolaşmırdı. Təkcə dəvəsini, qılıncını və Qurani-Kərimi tanıyan döyüşçülər yoxdur o zamanlarda. Bu torpağın başqa bir üzü də vardı – ehtiraslı, zərif, zövqə və zənginliyə susamış bir sima. Hər fəth nəğməsinin arxasında bir şairin misrası gizlənirdi, hər cəngavərlik hekayəsinin fonunda bir şərab süfrəsi, bir lətifə, bir lirik ahəng vardı.

Artıq Rəşid xəlifələrin dövründə səhranın bərəkətsiz torpağı, dəbdəbə və sərvətlə gübrələnərək, mədəniyyətin zərif fidanlarını boy atdırırdı. Müharibədən uzaq vaxtlarda tacirlər, əyləncə düşkünləri, alimlər və şairlər bu torpaqda çiçəklənirdi. Ərəb xilafəti yalnız sərhədlərini genişləndirməklə kifayətlənmirdi, o həm də qəlbini dünyaya açırdı - və dünya ona yalnız qənimət deyil, mədəniyyət də gətirirdi.

Kufənin valisi Əl Valid ibn Üqbə döyüşlərindən çox səxavəti ilə tanınırdı. Onun evi qonaqlar üçün həmişə açıq idi - kim gəlmək istəsə, əliboş dönməzdi. Hətta qullar belə hər ay üç dirhəm alırdı. Əməvi xəlifəsi Əl Valid II isə gecəyarı xristianlarla içki məclislərindən sərxoş qayıdıb məscidə girərdi. Amma onun əliaçıqlığı günahlarını bağışladır, kufəlilər onu şeirlərlə öyürdülər.

Bu dövrdə poeziya ərəb mədəniyyətinin qəlbi, ruhu idi. İslam gəlsə də, şairlər yox olmadı. Onlar yenə “mirvari düzməyə” - şeir yazmağa davam etdilər. Cahiliyyə dövrünün poeziyası hələ də zirvə sayılırdı. Hətta İslamın gəlişindən yüz il sonra, xəlifə Əl Məhdi üçün salnaməçi və şair Əl Müfəddəl tərəfindən tərtib edilən klassik poeziya toplusunda 66 müəllifdən yalnız altısı İslam dövründə yaşamışdı.

Ərəblər üçün poeziyanın zirvəsi, əvvəllər olduğu kimi, yenə də İmrul Qeys idi. Onun məşhur qəsidəsi olan “Dayanın, ağlayaq!” şairanə gözəlliyin meyarına çevrilmişdi. Nəyisə tərifləmək istəyəndə belə deyirdilər: “Bu, hətta “Dayanın, ağlayaq!”dan  gözəldir.” Hətta cahiliyyə şeirinə xoş baxmayan Peyğəmbər (s.ə.s.) belə onu “şairlərin bayraqdar”ı adlandırmışdı: doğrudur, “Cəhənnəmə gedən şairlərin bayraqdarı” kimi.

Ərəb şairlərinin əsas silahı isə qəsidə idi. Bu şeir forması istənilən mövzunu özündə daşıya bilən geniş və çevik bir qəlib idi. Şair məhəbbətdən başlayıb dəvəyə, oradan səhraya, sonra ağ ciyərlərini qıdıqlayan bir milçəyə keçə bilərdi. Assosiasiyalar zənciri ilə dolub-daşan qəsidə, dünyanın üzərinə canlı müşahidələrdən toxunmuş bir tor salardı. Sevgilisini yağışdan islanmış çəmənə bənzədən şair, birdən həmin çəmənə keçərdi: “Otun üstündə bir milçək vızıldayır, sərxoş bədəvinin öz-özünə pıçıldadığı kimi. Arxa ayaqları ilə daşdan qığılcım çıxarmağa çalışırmış kimi sürtüşdürür.”

Ancaq bu hər şeyi əhatə edən qəsidə forması zamanla ağırlaşdı, yükləndi və parçalanmağa başladı. Hissələr ayrılıb müstəqil janrlara çevrildi: məhəbbət səhnələri - qəzəllərə, həyati düşüncələr - fəlsəfi lirikalara, təriflər – panegirik və mədhiyyələrə.

İslamın qəbulu ərəb ədəbiyyatının ruhunu köklü dəyişdirmədi. İnam - şairlərin yaradıcılığında deyil, daha çox bioqrafiyalarında rol oynadı. Ədəbi dünya uzun müddət bütpərəstliklə islam arasında yelləndi, ta ki islam bu tərəddüdləri arxada qoyub üstün gələnədək.

İslamın ilk şairi sayılan Həsən ibn Sabit qorxaq, ikrah doğuran, amma ustalıqla poetik maskalar taxan bir adam idi. Qılıncla deyil, qələm və təriflə özünü “aslan” kimi göstərərdi. Əvvəlcə klassik qəsidələrlə məşğul idi, sonra İslamı qəbul etdi, müsəlman oldu və Allahın Rəsulunu (s.ə.s.) elə vəsf etdi ki, qarşılığında cariyə və saray hədiyyə aldı. Daha sonra Müaviyənin sarayında mədhiyyə ustasına çevrildi.

Əl Əşə əvvəl bütpərəst idi, sonra xristianlığa meyl etdi, nəhayət islamı qəbul etdi. Amma bütün bu keçidlər ona içki içməkdən və fleytaçılarla məclis qurmaqdan mane olmadı. O, çiçəkləri “ləçəklərdən sarıqlı” kimi təsvir edərdi. Sevgilisinə həsr olunmuş şeirlərində bədəvi həyatının kədəri ilə dolu gözləntilər vardı: “Hətta canavarların gözləri də yumuldu, amma mən hələ gözləyirdim.” Onun üçün sevgi - həm ov, həm də ovlanan olmaq demək idi.

“Cırtdan” ləqəbli Cərvəl ibn Əvs eybəcər, amma sözün qılıncı olan bir şair idi. O, panegirik yazmaqdansa, həcvlə məşğul olurdu. Qəzəblə deyil, sarkazmla dolu şeirləri tikan kimi batırdı. Hətta öz qohumlarını da hədəf alırdı - əsas məqsəd şairlik bacarığını nümayiş etdirmək idi. “Hirsimi kimin üstünə tökəcəyimi bilmirəm, gərək özümü lənətləyim”, - deyirdi.

Zəmanəsinin ən görkəmli şairi isə əlbəttə ki, Ən Nabigə idi. Pul müqabilində istənilən adamı göylərə qaldıra bilən bir ustaddır o.  Amma onun şeiri ikiüzlü idi – tərif yazdığı adamı bir anda rüsvay edə bilərdi. Hira hökmdarının arvadını təsvir etdiyinə görə ya qovulmuşdu, ya da kəskin satirası ilə hökmdarı biabır etmişdi. Sonra Qəssanilər sarayında yaşadı, nəhayət barışıq üçün Hira sarayına qayıdaraq elə bir qəsidə yazdı ki, mükafat olaraq bir karvan dəvə aldı.

Onun şeirləri gerçəkliyi yox, sənəti təqib edirdi. Təbiət, heyvanlar, qadın bədəni - hamısını eyni dərəcədə zərif və təsirli təsvir edirdi. Onun yazdığı ilan “ikiüzlü” baxışlarla zərif davranar, amma ağzından “əyri və iti iynə kimi dişlər” çıxardı.

Ən Nabigə bütün ərəb dünyasında ustad kimi tanınırdı. Poeziya yarışlarında hakim olurdu. Bir çoxları onu ərəb ədəbiyyatının ən böyüyü, bəziləri isə İmrul Qeystan sonra ikinci sayırdı. Onun şeirlərinə hətta sərt və ciddi xəlifə Ömər də heyran idi.

(ardı var...)

 





19.04.2025    çap et  çap et