Vaxt.Az
Dollar ucuzlaşa bilər
Tramp rüsum müharibəsini məzənnə müharibəsiylə davam etdirməsi gözlənilir
Tramp başlatdığı rüsum müharibəsinə əsas səbəb kimi xarici ticarətdə ölkəsinin zərərinə olan tarassızlığı göstərir. ABŞ ixrac etdiyindən daha çox idxal edir. Trampın komandası hesab edir ki, daxili istehsalı stimullaşdırmaq üçün rüsumların artırılması zərurətdir. Yüksək tariflər xarici və milli biznesi istehsalını ABŞ-yə köçürməyə həvəsləndirəcək. Neftin ucuzlaşdırılmasının hədəflərindən biri də ABŞ-də yerli istehsala dəstək məqsədi daşıyır. Rusiya faktoru ikinci dərəcəli məsələdir. Məntiqlə yerli istehsalı artırmaq qarşıya hədəf kimi qoyulubsa, növbəti mərhələdə ixracın stimullaşdırılması hədəf kimi qarşıya qoyulacaq. İxracı stimullaşdıracaq ilk addım isə milli valyutanın məzənnəsini aşağı salmaq olacaq. Demək ki, Tramp qarşıdakı dövrdə dolları ucuzlaşdırmaqda maraqlı olacaq. Rüsum müharibəsi məzənnə müharibəsiylə davam etdiriləcək. Onun FED sədrini qaralamasının səbəblərindən biri də bu ola bilər.Məzənnə müharibəsinin əlamətlərindən biri də Çinin öz
valyutasını ucuzlaşdırmağa hazırlaşmasıdır. İndilik ölkədən kapital axınına rəvac
verməmək üçün yuanı ucuzlaşdırmaq üçün radikal addımlara getmirlər. Amma bu vəziyyət
sonsuza qədər davam etməyəcək. Ucuz yuanla Çin ixracı stimullaşdırmağı düşünməyə
məcbur qalacaq. Ucuz yuan həm də yüksək tariflərin təsirini bir az azaltmağa
kömək edəcək.
Azərbaycan ucuz neft kimi ucuz dollar dövrünə də
hazırlaşmalıdır. Dollarda saxlanılan valyuta ehtiyatlarının azaldılması nəzərdən
keçirilməlidir. Ümumiyyətlə, ABŞ-nin proqnozlaşdırılmayan addımları dünyada ona
olan inamı sarsıtmaqdadır. Bu etimad itkisinin təzahürlərindən biri də dünya
boyunca insanların və ölkələrin dollardan imtinası ola bilər.
20.04.2025
çap et