Ancaq gələn mövsüm bu rəqəmlər dəyişə bilər. Hazırda “Şamaxı”, “Kəpəz”, “Turan” (eyni meydançadır) və “Səbail” rəqiblərini süni örtükdə qəbul edirlər. “Səbail”in elitadan düşməsi bu baxımdan müsbət rol oynayacaq. Üstəlik, sentyabrda Gəncə stadionunun açılışı ediləcək və “Kəpəz” də təbiiyə köçəcək. Tovuz klubu da stadionun örtüyü dəyişmək qərarını elan edib, bu işi yerinə yetirdikləri müddətdə oyunlarını Gəncədə keçirəcəklər. Qalır “Şamaxı”, ona da dözmək olar.
I Liqadan 3 komanda gələcək: “Qəbələ”, “Karvan” və “İmişli”. Hər üçünün meydançası təbiidir, ancaq son ikisinin örtüyü fiasko vəziyyətindədir, asfaltda oynasalar daha yaxşıdır. Dəyişilməlidir, dəyişiləcək də. “İmişli” müvəqqəti Bayıla sığına bilər, amma son nöqtədə öz şəhərinə qayıdacaq. Beləliklə, qeyd etdiklərimiz baş tutsa, Premyer Liqada süni örtük və onun gətirdiyi zədələr problemi aradan qalxacaq. Bu, çox yaxşı göstəricidir və vaxt keçdikcə bu işə daha ciddi yanaşmaq lazımdı.
Təklifim isə budu ki, mərhələli şəkildə ölkə çempionatının yüksək dəstəsində matçların süni meydançada oynanması qadağan edilsin. Qarşıdakı 5 ildə bunu həll etmək olar. Aşağı dəstədən gələn, meydançası süni örtüklü olan komandalara sınaq və örtüyü təbiiyə dəyişmək üçün 1 və ya 2 illik vaxt vermək kimi istisna da tətbiq edilə bilər.
Sonrakı illərdə bu qadağanı daha aşağı dəstələrə və uşaq futboluna da gətirmək mümkündür. Xüsusilə də uşaq futbolunda bu problem dəhşətli dərəcədə böyükdür. Faktiki yeniyetmə futbolçularımız 17 yaşına qədər təbii ot üzü görmürlər. Bu isə ölkə futbolunun gələcəyinə ağır zərbə vurur və onun inkişafını elə başlanğıcında kəsir.