Vaxt.Az

Kuklaçılar Aygün Attarla görüşdü


 

Qardaş ölkə arasında böyük mənəvi körpü olan professor mədəniyyətə həssaslıqla yanaşır

Kuklaçılar Aygün Attarla görüşdü Aprelin 21-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor, tanınmış alim Aygün Attar IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri ilə görüş keçirdi.

Fondun binasında baş tutan görüşdə çıxış edən teatrın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qəbul və xoş münasibət üçün kollektiv adından Aygün xanıma dərin təşəkkürünü bildirdi.

Vurğuladı ki, türk dünyasının tanınmış alimi, ictimai-siyasi xadimi, professor, ləyaqətli Vətən qızı, Azərbaycanın Türkiyədəki qüruru Aygün Attar nümunəvi həyat yolu və dolğun fəaliyyəti ilə bir çoxlarımız üçün örnəkdir.

Daha sonra onun çoxşaxəli fəaliyyətində maddi-mənəvi dəyərlərin təbliği işinin mütəşəkkil təşkilinin də daim ön planda olduğuna diqqət çəkdi.

Bu mənada mədəniyyət sahəsi və sənət adamlarına xüsusi sevgi, həssaslıqla yanaşır.

A.Attarın iki dost, qardaş ölkə arasında böyük mənəvi körpü olduğunu dilə gətirən R.Əhmədzadə ona şərəfli fəaliyyət yolunda böyük uğurlar arzuladı.

Öz növbəsində bu görüşdən məmnun olduğunu deyən A.Attar milli mədəniyyətimiz, onun əsas qollarından olan teatrımızın təşəkkülü  üçün ölkə sərhədlərindən kənarlarda daha geniş müstəvidə təbliğini vacib saydı. Bu mənada festival və sənət mübadiləsi xarakterli bu kimi tədbirlərin intensivliyinə diqqət çəkdi, festivalın işinə uğurlar arzuladı.

Bir əsrə yaxın zəngin və dolğun tarixi yol keçən, fəaliyyətini Vətən balalarının maariflənməsi və yüksək sənət zövqündə yetişməsi yönündə quran Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinə bu şərəfli yolda uğurlar arzuladı.

 





21.04.2025    çap et  çap et