Vaxt.Az

Ermənilərə abidə söhbəti


 

Sadəlövh hollandları «soyqırım» nağılına inandırdıqlarına görə...

Ermənilərə abidə söhbəti Azərbaycan diasporu Hollandiyanın Almelo şəhərində erməni kilsəsinin qarşısında qondarma «erməni soyqırımı» qurbanlarının xatirəsinə abidənin ucaldılması planlarına etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən vaxt.az-a verilən məlumata görə, bununla əlaqədar Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın Almelo Bələdiyyəsinə, Hollandiya Parlamentinin üzvlərinə etiraz məktubu ünvanlayıb.

Məktubda ermənilərin «soyqırım» iddialarının əsassız olduğuna diqqət çəkən təşkilat rəhbəri bildirir ki, 1915-ci ildə Anadoluda 10 milyon əhalinin yaşadığı halda 1,5 milyon erməninin qətlə yetirilməsi absurddur.

Müraciətdə həmçinin deyilir ki, «soyqırım» bəhanəsi ilə Türk dünyasını gözdən salmağa çalışan erməni diasporunun qondarma «soyqırım» abidəsi ucaltması məntiqli deyil. Üstəlik, bu məsələdə səlahiyyətli orqan kimi bələdiyyələrin icazəsi olmadan hər kəs istədiyi yerdə abidə ucalda bilməz. Azərbaycan və Türk icmasının yerli qanunlara hörmətlə yanaşdığını vurğulayan İlhan Aşkın Hollandiyanın səlahiyyətli qurumlarını, ictimaiyyətini bu ölkədə yaşayan bütün icmalara eyni münasibəti nümayiş etdirməyə çağırıb.

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Almelo şəhərində qondarma «erməni soyqırımı» abidəsinin ucaldılmasına etiraz olaraq imzatoplama kampaniyasına başlayıb. Dərnək sədri Hollandiyadakı Azərbaycan və Türk diaspor təşkilatlarına müraciət edərək onları Almelo Bələdiyyəsinə öz etirazlarını bildirməyə çağırıb.

 





21.04.2014    çap et  çap et