Vaxt.Az

Qurbağa


 

Qur-qur, bu dəhşətdir ...

Qurbağa Qurbağalarla dolu köhnə, kiçik bir gölün sahilində uzanmışam.

Gölün kənarını pişikotu qarışıq sıx qamışlıq bürüyüb. Sahil boyunca qamışların və pişikotuların üzərinə əyilmiş hündür salxım söyüdlər bitib və külək əsdikcə, onlardan ruhu oxşayan həzin bir xışıltı eşidilir. Söyüdlərin başı üzərində, eyni ilə iri şüşə qəlpələrinə bənzər pənbə buludların səpələndiyi mavi yay səması ucalır. Və göy üzünün göldəki əksi reallıqda olduğundan qat-qat gözəl görünür.

Göldə yaşayan qurbağalar, bütün günü yorulmadan hay-küy salırlar: qur-qur, qur-qur. Diqqətsiz dinləyici yalnız bu qur-qur, qur-qur səslərini eşidir. Əslində isə qurbağalar arasında qızğın mübahisələr gedir. Axı qurbağaların yalnız Ezopun dövründə danışdığını iddia etmək doğru olmazdı.

Qamış yarpağında oturmuş və özünü universitet professoru təsəvvür edən bir qurbağa danışmağa başladı:

– Su nə üçün mövcuddur? Biz qurbağaların üzə bilməsi üçün. Böcəklər nə üçün mövcuddur? Bizim onlarla qidalanmağımız üçün.

– Doğrudur, doğrudur, – göldəki qurbağalar qışqırışdılar. Gölün – göyü, bitkiləri və ağacları əks etdirən səthi, demək olar bütünlüklə qurbağalarla dolduğundan, onların bu təqdiri çox təsirli və təlqinedici səslənirdi.

Bu vaxt, söyüdün budağında yatmış ilan oyandı, onu qurbağaların bezdirici quruldamaları yuxudan ayıltmışdı. O başını qaldırdı, yuxulu halda dodaqlarını yalayıb, gölə tərəf baxdı.

Özünü universitet professoru kimi aparan qurbağa sözünə davam etdi:

– Yer nə üçün mövcuddur? Onda ağacların və bitkilərin bitməsi üçün. Ağaclar və bitkilər nə üçündür? Biz qurbağalara kölgəlik yaratmaq üçün. Buna əsasən demək olar ki, yer tamamilə biz qurbağalar üçün yaranmışdır.

– Doğrudur, doğrudur.

Gur alqış səslərini ikinci dəfə eşidən ilan qamçı kimi gərildi. O səsizcə qamışlığa süründü və qara gözlərini işıldadaraq, göldəki hadisələri diqqətlə izləməyə başladı.

Qamış yarpağında oturmuş qurbağa, əvvəlki kimi ağzını geniş açaraq, nitqinə davam etdi:

– Göy nə üçün mövcuddur? Günəşin ondan asıla bilməsi üçün. Günəş nə üçün mövcuddur? Biz qurbağaların kürəyini qurutmaq üçün. Buna əsasən təsdiq etmək olar ki, göy tamamilə biz qurbağalar üçün yaranmışdır. Beləliklə, su, bitkilər, ağaclar, böcəklər, yer, göy və günəş yalnız bir qurbağalara lazım olduğu üçün mövcuddur. Deməli, bütün kainatın bizim üçün mövcud olduğu inkar edilməz bir faktdır. Bu faktı sizə izah etməklə yanaşı, mən bütün kainatı biz qurbağalar üçün yaratdığına görə Rəbbimizə ürəkdən təşəkkür etmək istəyirəm.

Baxışlarını göyə zilləyib gözlərini dəli kimi fırladan qurbağa nəhəng ağzını geniş açıb sözünə davam etdi:

– Adın ucaldıqca ucalsın, ya Rəbb...

Danışığını bitirməyə macal tapmamış, ilanın başı onun üzərinə şığıdı və natiq qurbağa bir andaca ilanın ağzında çabalamağa başladı:

– Qur-qur, bu dəhşətdir.

– Qur-qur, bu dəhşətdir.

– Dəhşətdir, qur-qur, qur-qur.

Şoka düşmüş göl sakinləri qışqırmaqla məşğulkən, ilan yavaş-yavaş, yaxaladığı qurbağanı uddu və qamışlıqda gizləndi. Ortaya, dünyada heç vaxt görünməyən bir çaxnaşma düşdü (ola bilsin, dünyada deyil, bu gölün tarixində görünməyən desək daha doğru olardı). Gənc bir qurbağanın göz yaşları içində belə bir sual verdiyini özüm eşitdim:

– Su, bitkilər, ağaclar, böcəklər, yer, göy və günəş biz qurbağalar üçün mövcuddur. Bəs ilanlar necə? Onlardamı bizim üçün mövcuddur?

– Tamamailə doğrudur. İlanlar da biz qurbağalar üçün mövcuddur. Əgər ilanlar biz qurbağaları yeməsəydilər, biz həddindən artıq çoxalardıq. Biz bu cür törəyib artmaqda davam etsəydik, onda bizim dünyamız olan bu göldə çox bərk darısqallıq yaranardı. Bax buna görə də, ilanlar biz qurbağaları yemək üçün sürünüb buraya gəlirlər. Hesab etməliyik ki, yeyilən qurbağalar çoxluğun xoşbəxtliyi üçün verilən qurbandır. Sən tamamilə haqlısan. İlanlar da biz qurbağalar üçün mövcuddur. Dünyada nə varsa, hamısı, istisnasız olaraq, biz qurbağalar üçün mövcuddur. Adın ucaldıqca ucalsın, ya Rəbb...

Göldəki qoca qurbağadan eşitdiyim cavab bu oldu.

 





22.04.2025    çap et  çap et