Fransa bazarlarında satılan “Perrier” markalı mineral suda ciddi sağlamlıq problemləri yarada biləcək Enterobakteriyalar (Enterobacteriaceae) izləri aşkarlanıb. Sözügedən şüşələr Qard bölgəsindəki Verjez fabrikində istehsal edilib. “ARS Occitanie” tərəfindən hazırlanan hesabata görə, 0.75 litrlik şüşələrdə aşkar edilən bakteriyalar suyun ifrazatla çirklənmiş ola biləcəyini göstərir.
Enterobakteriyalar nədir və niyə təhlükəlidir?
Enterobakteriyalar təbii olaraq insanların və heyvanların bağırsaq traktında olan bakteriyalardır. Lakin bəzi növlər – xüsusilə E. coli, Salmonella, Şiqella və Klebsiella – ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu bakteriyalar;
Sidik yollarının infeksiyaları,
Qan zəhərlənməsi (sepsis),
Şiddətli ishal və mədə-bağırsaq infeksiyaları kimi xəstəliklərə səbəb ola bilər.
Ən təhlükəli növlərdən biri olan Şiqa toksini yaradan E. coli (STEC) qanlı ishal və böyrək çatışmazlığı ilə nəticələnə bilən sindromlara səbəb ola bilər.
***
“Perrier” brendinin sahibi olan “Nestle”, verdiyi açıqlamada məhsullarının sağlamlıq üçün təhlükə yaratmadığını bildirib. Lakin ekspertlər bu məsələdə daha diqqətli olmaq lazım olduğu qənaətindədirlər. Fransa Qida Təhlükəsizliyi Agentliyi (Anses) daha əvvəl belə bakteriyaların ətraf mühitə, torpaqda və kənd təsərrüfatı məhsullarında getdikcə daha çox yayıldığını bildirən hesabat dərc etmişdi.
Xüsusilə xəstəxanalarda antibiotiklərə qarşı müqavimət inkişaf etdirmiş enterobakteriyalar (ERC) növləri immun sistemi zəifləmiş xəstələr üçün böyük təhlükə yaradır.
Hadisədən sonra böyük ictimai narahatlıq yaranıb və “Perrier” məhsullarının rəflərdən çıxarılıb-çıxarılmayacağı maraq doğurur. Mütəxəssislər vurğulayırlar ki, istehlakçılar qablaşdırılmış su alarkən istehsal sahələrinə və son istifadə müddətlərinə diqqət yetirməlidirlər.