Luis Fernando dərhal xəstəxanaya aparılıb və intubasiya edilib, lakin həkimlər onu xilas edə bilməyiblər. Eyni şokoladı yeyən anası və böyük bacısı da oxşar simptomlarla – əllərində göyərmə və nəfəs darlığı ilə xəstəxanaya aparıldı. Xəstələrdən hər ikisi uzun sürən səydən sonra sağ qalıb.
***
Bəs bu ölümcül hədiyyəni kim göndərmişdi? Polis şübhəli şəxs qismində Mirian Liranın ərinin keçmiş ortağı, 35 yaşlı Jordelia Pereira Barbosanı müəyyən edib. Təhlükəsizlik kamerası görüntülərində zəhərli olduğu düşünülən dəbdəbəli Pasxa şokoladları alarkən Barbosa parik taxdığı əks olunub. Polis şübhəlinin evində bu parik, şokolad qalıqları, bəzi dərmanlar və avtobus biletləri tapıb.
Barbosa şəhərdən qaçmaq istəyərkən tutularaq nəzarətə götürülüb.
***
Hadisədən dərhal sonra Mirian Liraya gələn müəmmalı telefon zəngi şübhələri daha da gücləndirib. Ailənin dediyinə görə, telefonla danışan qadın şokoladların alınıb-almadığını soruşub, daha sonra “Tezliklə öyrənəcəksən” deyib və telefonu qoyub. Bu şəxsin Barbosa olub-olmadığı hələlik bəlli deyil.
***
Polis sözçüsü bildirib ki, ola bilsin ki, insident “həddindən artıq qısqanclıq” zəminində baş verib. İstintaq qrupu hesab edir ki, Barbosa keçmiş ortağının yeni ailəsinə zərər vermək məqsədi ilə şokoladı zəhərləmiş ola bilər. Hadisənin dəqiq təfərrüatları və toksikoloji nəticələri məhkəmə-tibb ekspertlərinin müayinəsindən sonra bəlli olacaq.