Qeyd edilməlidir ki, kapitalizmi bir çox dünya iqtisadiyyatçısı və nəzəriyyəçisi bazar iqtisadiyyatı (rusca: Рыночная экономика) adlandırır. Bu daha doğru və neytral yanaşma hesab olunur. Dünya iqtisadiyyatı ilə bağlı ədəbiyyatlarda da bu anlayış geniş şəkildə istifadə olunur. "Kapitalizm" termini isə daha çox marksist yanaşmanın məhsuludur.
1970–1980-ci illərdən etibarən dünya iqtisadiyyatında qloballaşma prosesi başlamışdır. Bu proses dərinləşdikcə rəqabətin mahiyyəti də dəyişməyə başladı. Əvvəllər geniş yayılmış proteksionist iqtisadi modellər, yəni daxili bazarı qorumaq məqsədilə gömrük rüsumları, idxal kvotaları, subsidiyalar və texniki baryerlər kimi alətlərin tətbiqi, tədricən arxa plana keçdi. Beləliklə, kapital, əmtəə, maliyyə və insan resurslarının sərbəst hərəkəti qarşısındakı inzibati maneələr azalmağa başladı.
Bunun nəticəsində müxtəlif ölkələrdə əmtəələrin qiymətləri arasındakı fərqlər azalmağa başladı. Qloballaşma prosesi dərinləşdikcə texnologiyaların inkişafı da sürətlənir, rəqabət isə daha da kəskinləşir. Bu şəraitdə əsas qazanan tərəf istehlakçılar olur; çünki həm qiymətlər sabitləşir, həm də keyfiyyət artımı müşahidə olunur.
Lakin son dövrlərdə, xüsusilə Donald Tramp dövründə, yarım əsrə yaxın müddətdə dünya iqtisadiyyatının uyğunlaşdığı bu sistemə qarşı çıxışlar müşahidə edildi. Tramp qloballaşmaya qarşı mövqe sərgiləyərək ABŞ iqtisadiyyatını daha çox daxilə yönəltməyə çalışdı. Amma qloballaşmaya qarşı çıxmaq, əslində, ABŞ iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər.
Bunun səbəbi ondan ibarətdir ki, ABŞ Ümumi Milli Məhsulunun (ÜMM) formalaşmasında dolayı yolla Çin fəhlələrinin ucuz əməyindən istifadə olunur. Nəzərə alsaq ki, ABŞ-da əmək haqqı Çinlə müqayisədə 40–43 dəfə daha yüksəkdir, Çin istehsalının inteqrasiyası ABŞ məhsullarının maya dəyərinin aşağı düşməsinə ciddi töhfə verir.
Bu necə baş verir? Əgər ABŞ Çindən 350–400 milyard dollar dəyərində yarımfabrikat məhsullar idxal edirsə, bu məhsullar ABŞ-da istehsal prosesində son məhsula quraşdırılır. Bu isə o deməkdir ki, ABŞ-da istehsal edilən məhsulların tərkibində Çin fəhlələrinin ucuz əməyindən istifadə olunur. Məsələn, əgər “iPhone” istehsalında yalnız ABŞ komponentləri və əməyindən istifadə olunsa, onun maya dəyəri təxminən 20–50 faiz artar. Bu isə satış qiymətinə ciddi təsir göstərər və tələbin əhəmiyyətli dərəcədə azalmasına səbəb olar.