Vaxt.Az

Fransa və Vatikan gərginliyi


 

Papa Fransisin Emmanuel Makronla mürəkkəb münasibətlərinin hekayəsi

Fransa və Vatikan gərginliyi Roma Papası Fransis səlahiyyət müddəti ərzində üç dəfə Fransaya səfər edib, lakin heç vaxt Parisə rəsmi dövlət səfəri etməyib. Papanın ölümündən bir gün sonra Fransa prezidenti Emmanuel Makron şənbə günü Vatikanda Papanın dəfn mərasimində iştirak etmək üçün Mavrikiyaya səfərini ləğv etdiyini açıqladı.

Lakin Fransa ilə Vatikan arasında münasibətlər heç vaxt düz olmayıb. Zaman-zaman isti dialoq qurulsa da, münasibətlər çox vaxt gərginliklə müşayiət olunurdu.

Cizvit ordenindən olan Papa ilə eyni ordenə bağlı bir məktəbdə təhsil alan Makron arasında münasibətlər bəzən səmimi idi. 2018-ci ildə Vatikanda görüş zamanı Makron Papanın yanağından öpdü və ikisi bir-birlərinə adları ilə müraciət etdilər.

Bununla belə, fikir ayrılıqları da var idi. Roma Papası Fransis keçən il Fransanın abort hüququnun konstitusion təminatına və evtanaziya ilə bağlı davam edən hüquqi müzakirələrə açıq şəkildə qarşı çıxıb. Bu hadisələr Katolik Kilsəsi ilə Fransa hökuməti arasında dərin uçurumun olduğunu ortaya qoydu.

Papanın tez-tez Fransadan uzaq olduğu söylənsə də, o, 12 illik papalığı dövründə bu ölkəyə üç dəfə səfər edib - bu, indiyə qədər hər hansı bir ölkəyə ən çox səfər edib.

Lakin bu səfərlərin hər biri hansısa formada anlaşılmazlıq və ya siyasi mesajlaşma ilə yadda qaldı. Bu, “Papa ilə Fransa arasındakı münasibət həqiqətən dostluq münasibətidirmi?” sualını doğurdu.

 

“Mən Fransaya yox, Marselə gedirəm”

 

Roma Papası Fransisin Fransaya ilk səfəri 2014-cü ildə Strasburqa olub. Lakin bu səfər Avropa Şurası və Avropa Parlamentində çıxış etmək üçün Avropaya rəsmi səfər hesab edilib. Onun Strasburqun simvolu olan möhtəşəm kafedralı ziyarət etməməsi tənqidlərə səbəb olmuşdu.

2023-cü ildə o, Aralıq dənizindəki miqrant faciələrinə diqqət çəkmək üçün Marselə səfər edib. Ancaq bu səfərdən əvvəl söylədiyi aşağıdakı cümlə ictimaiyyətə çox təsir etdi: “Mən Fransaya yox, Marselə gedirəm”.

Bu açıqlama Papanın Fransa hökuməti ilə məsafə saxlamağa çalışması kimi şərh edilib.

Marseldəki Velodrom stadionunda 60 min insanın qarşısına çıxan Papa miqrantlar üçün humanitar maarifləndirmənin gücləndirilməsinə çağırıb. Bu bəyanat Makronun immiqrasiya siyasətlərinin dolayı tənqidi kimi qiymətləndirilib.

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot “Franceinfo”ya müsahibəsində deyib. “İki lider arasında çox açıq və birbaşa danışıqlar olub, lakin hər kəs öz mövqeyini qoruyub”.

 

Son səfər və natamam dəvətnamə

 

Paris-2024 olimpiadasının bağlanış mərasimindəki biabırçılıq isə soyuq savaşın kulminasiyası saymaq olar. Belə ki, Milandakı qədim kilsələrdən Santa Mariya della Qrasiyanın divarına Linardo da Vinçi tərəfindən 1495-98-ci illərdə çəkilən və katolik xristianlığın simvolllarından biri kimi tanınan “Sonuncu şam yeməyi”nin prototipi oldu. Həmin bənzərdə İsa peyğəmbərin ətrafında oturanları seksual azlıqlardan ibarət olması Vatikanı özündən çıxarmış, Papanın sərt bəyanat verməsinə səbəb olmuşdu.

Bəlkə də iki tərəf arasında ən simvolik qırılma 2024-cü ilin dekabrında baş verib. Parisdəki Notr-Dam Katedrali 2019-cu ildə baş verən kütləvi yanğından sonra uzun bərpa prosesindən sonra yenidən açılıb. Lakin Papa Fransis bu möhtəşəm açılışda iştirak etməyib. Əvəzində cəmi bir həftə sonra o, Fransanın Aralıq dənizində yerləşən Korsika adasına səfər etmişdi. Bu səfər onun pontifik kimi sonuncu xarici səfəri olacaqdı.

Bəzi müşahidəçilər bu qərarı Fransadan uzaqlaşmaq üçün şüurlu cəhd kimi şərh etdilər. Lakin katolik tarixçisi Martin Dumont fərqli düşünür: “Papa təcrid olunmuş icmalarla əlaqə saxlamağa üstünlük verirdi. O, birbaşa dindarlarla görüşmək istəyirdi. Dövlət protokolu və dəbdəbəli mərasimlər onu maraqlandırmırdı”.

Həqiqətən də, Papa Fransis bütün papalığı boyu Avropadan uzaq mövqe tutdu. O, Almaniya, İspaniya və İngiltərə kimi katoliklərin çoxluq təşkil etdiyi ölkələrə heç bir rəsmi səfər etmədi.

Bunun əvəzinə Asiya, Afrika, müharibə bölgələri və ya iqtisadi cəhətdən daha az inkişaf etmiş ölkələrə diqqət yetirdi. Bu münasibət onun kilsənin mərkəzində deyil, “periferiyalarında” danışmaq istəyini əks etdirirdi.

 





23.04.2025    çap et  çap et