Vaxt.Az

İndi 20-ci əsr deyil ...


 

Turizm hədəfi kazino biznesini aktual məsələyə çevirir

İndi 20-ci əsr deyil ... Son vaxtlarda Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur.

Bəs bu təklif bu gün üçün nə vəd edir?

Azərbaycanda son illərdə qeyri-neft sektoruna “stavka” turizm sahəsini ölkə iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmə potensialı daşıyır. Bu kontekstdə kazino biznesinin ölkədə leqallaşdırılması və ya məhdud formalarda icazə verilməsi mümkün iqtisadi perspektiv kimi qiymətləndirilir.

Ölkədə kazino fəaliyyəti 1998-ci ildə qadağan edilib.

Bu gün Azərbaycanda vəziyyət 28 il əvvəlki şərtlərdən fərqlidir.

Turizm hədəfi bir sıra trendləri aktual məsələyə çevirir. Kazino biznesinə icazə verilməsi bu çağrışlardan biridir.

Lakin burada əsas məsələ qanunvericilik sisteminin formalaşdırılmasıdır. Çünki Azərbaycan kimi ölkələrdə kazino incə və spesifik mövzu hesab olunur. İlk növbədə kazinoların dövlət üçün hansı faydalar gətirəcəyini düşünmək lazımdır.

Burada müzakirə ediləcək məqam hansıdır?

Kazino açmaq üçün ilk olaraq onun açılacağı yeri müəyyənləşdirmək lazımdır. Dünya təcrübəsinə görə, belə məkanlar məktəblərdən, təhsil və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Kazino yalnız xaricilər üçün fəaliyyət göstərə bilər.

Kazino biznesinin leqallaşdırılmasından əvvəl bir sıra ciddi məqamlar nəzərə alınmalıdır. İlk növbədə, ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır. Lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turizm obyektlərə verilməlidir.

Kazino sektorunun müəyyən qaydalar çərçivəsində leqallaşdırılması bir sıra iqtisadi faydalar verə bilər.

-Bu, turizmin inkişafını stimullaşdıracaq. Kazinolar xarici turistlər üçün cəlbedici amildir. Gəlir gətirən turizm regionlarında kazino infrastrukturu yaradılarsa, bu, turizm axınını artıra bilər.

-Bundan başqa leqal kazino biznesi dövlət büdcəsinə əlavə vergi daxilolmaları təmin edə bilər.

-Bu, həmçinin yeni iş yerləri deməkdir. Kazino turizmi minlərlə iş yerinin yaradılmasına imkan verər.

Bununla yanaşı bu ideya riskləri də daşıyır.

Kazino biznesinin leqallaşdırılması bəzi sosial və etik problemlər yarada bilər. Cəmiyyətdə sosial sabitliyə müəyyən neqativ təsir göstərə, cinayətkarlıq riski, bu sektorda qeyri-rəsmi fəaliyyətlərə şərait yarada bilər. Burada Azərbaycan cəmiyyəti ənənəvi mənəvi dəyərlərini də nəzərə almaq lazım gələcək.

Bütün bunlar kazino biznesi üçün alternativ model olaraq “Məhdud Zona” sistemini təklif edilə bilər.

Kazino biznesi Azərbaycan üçün hələlik ehtiyatla yanasılan məsələdir. Lakin iqtisadi diversifikasiya, turizm sektorunun inkişafı bu sahənin müəyyən şərtlərlə leqallaşdırılması dövlət üçün yeni imkanlar aça bilər.

Bu prosesin sosial, etik və iqtisadi tarazlıqlar qorunmaqla idarə olunması vacibdir.

 





23.04.2025    çap et  çap et