Tərəflərin bir-birinə dəstək göstərməsi, iki dövlətin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı qətiyyətli dəstək, dayanıqlı olaraq iqtisadi və siyasi təmasları inkişaf etdirmək, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” inkişaf strategiyası ilə uyğunlaşdırılması, qarşılıqlı ticarət mübadiləsi, bərpaolunan enerji mənbələri ilə bağlı əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə, iqlim, təhsil, turizm, aqrar və digər sahələrdə əməkdaşlıq Birgə Bəyanatda öz əksini tapıb.
Bununla Azərbaycan və Çin münasibətlərində yeni mərhələ başlayır. Dünya nəhənginə çevrilən, eləcə də dünya liderliyinə doğru inamla addımlayan Çin və Azərbaycan liderləri arasında imzalanan sənəd ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dünya miqyasında aparıcı diplomatik oyunçulardan olan Azərbaycanın qarşısında geniş imkanlar açır.
Bu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, praqmatik, çoxvektorlu və milli maraqlara söykənmiş müstəqil diplomatik siyasət kursu ölkəmizi bölgəmizin lider, dünyanın isə önəmli bir dövlətinə çevirib. Bu yolda Çin kimi dünya nəhəngi də strateji tərəfdaş olaraq Azərbaycanla münasibətlərini rəsmiləşdirdi.