Vaxt.Az
Ölkədə su qıtlığı təhlükəsi
Ekspert: «Bir yandan suvarmada israfçılıq halları çoxdur, digər yandan suvarma hələ də primitiv üsulla aparılır»
Yer üzündə canlı varlıq üçün vacib olan 4 amildən biri sudur. Lakin suyun faydası ilə yanaşı dağıdıcılıq qabiliyyəti də var. Mütəxəssislər bildirir ki, sudan israfçı istifadə əkinçilik sahəsinə böyük ziyan vurur.
Hazırda Azərbaycanda ümumilikdə 4.531.326 hektar kənd təsərrüfatı təyinatlı torpaqların 565 511 hektarı müxtəlif dərəcədə şorlaşmaya, 508 270 hektar isə şorakətləşməyə məruz qalıb. Bu rəqəmləri açıqlayan İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda su ehtiyatları məhdud olsa da, sudan israfçılıqla istifadə edilir. Nəticədə torpaqlar eroziyaya uğrayır, əkin sahələri sıradan çıxır: «Suyun zərərli təsiri təkcə yağış yağması ilə torpaqların eroziyaya məruz qalması zamanı baş vermir. Həmçinin suvarma sularının, sel suyunun təsiriylə də torpaqlar eroziya ilə üzləşir, torpağın münbit qatı yuyulub çay yataqlarını qaldırır.Azərbaycanda suyun 10 milyard kubmetri, yəni 30 faiz ölkə ərazisində formalaşır, 22.2 milyard kubmetri, təxminən 70 faizə qədəri qonşu ölkələrin ərazisindən daxil olur, lakin ümumilikdə 7-9 milyard kubmetr su istifadə olunur ki, bunun da 67 faizi kənd təsərrüfatının suya olan tələbatının ödənməsinə sərf edilir. Hazırda qlobal iqlim dəyişikliyi ilə əlaqədar Gürcüstanın suya olan ehtiyacını Kürün hesabına ödəməsi məsələsi aktualdır. Həmçinin Türkiyədə də maraq var ki, Kür suyunun bir hissəsini öz təsərrüfatları üçün istifadə etsin. İran isə Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayının bir hissəsini bu gölə yönəltmək niyyətindədir. Bütün bunlar onu deməyə əsas verir ki, bizim su ehtiyacımızın ödənməsilə bağlı təhlükə yaranıb».
Mütəxəssis hesab edir ki, ölkədə bir yandan suvarmada israfçılıq halları çox olur, digər yandan suvarma sistemi hələ də primitiv üsulla aparılır: «Demək olar ki, bu üsul dədə-baba qaydası da deyil. Selləmə, yəni şırımlarla suvarma üsulu çox zərər verən təsirlərdən biridir. Selləmə suvarma xüsusən Kürətrafı rayonlarda yeraltı suları torpağın üst hissəsinə qaldırır və bu da torpağın alt hissəsində bitki üçün zərərli olan duzların torpağın üstünə qalxmasına səbəb olur. Bu üsul bitkinin qidalanmasına mənfi təsir göstərir, suyun yetərindən artıq verilməsi bitkinin normal havalanmasına maneə törədir, nəticədə bitki məhv olur. Selləmə suvarma o qədər güclü olur ki, torpağın üst münbit qatını yuyub aparır və digər bir tərəfdə toplayır. Azərbaycan relyefi elədir ki, suvarılan əkin sahəsi bir yerdə yuxarı, digər yerdə aşağı hissədədir. Torpağın aşağı əkin sahələrində həmin su yenə də torpağın altında olan duzları və bitki üçün zərərli turşuların qaldırılmasına səbəb olur».
Ekspert hesab edir ki, sudan qənaətlə və mütərəqqi üsullarla istifadə edilməsi kütləvi hal almalıdır ki, kənd təsərrüfatının inkişafına zəmin yaransın: «Ölkənin daxili potensialı hesabına su mənbələrinin yaradılması üçün lazımdır ki, daxili su anbarları yaradaq, o anbarlarda suyumuzu toplayaq və sudan qənaətlə istifadə edək. Yağışın zərərli təsirindən qorunmaq, dağ çaylarının gücünü azaltmaq üçün bəndlər qurulmalıdı, ciddi işlər görülməlidi ki, həm suyu toplaya bilək, həm də bu sulardan normal istifadə edək. Hazırda Şəmkirçayda belə bir bənd hazırlanır. O bənd tam hazır olandan sonra su anbarından Gəncə-Qazax zonasının əsas hissəsinin suvarma suyuna olan tələbatını ödəyə biləcək. Lakin bütün ümidləri bu layihəyə bağlamaq olmaz».
Ekspert bildirdi ki, hazırda əksər ölkələrin tətbiq etdiyi damcı suvarma üsulu torpağın münbitliyini qoruyub saxlayır, bitkinin normal qidalanmasına imkan yaradır, məhsuldarlığı artırır, məhsulun maya dəyərini aşağı salır: «Suvarmadan qənaətlə istifadə, damcılı və yağış yağdırma üsuludur. Əslində nəhəng kanallara ehtiyac yoxdur. Açıq səthdə olduğu üçün kanallar təhlükə mənbəyidir, ildə nə qədər insan o kanallarda boğulur, digər tərəfdən kanalların təmirinə 5-6 ildən bir ehtiyac yaranır, israfçılığa yol verilir».
Ekspert İTM adından təklif edir ki, həmin sular mənbədən borular vasitəsilə götürülsün: «Bizdə coğrafiya elədir ki, bütün ölkə üzrə çaylar bölünüb. Bu, çox yaxşıdır. Su anbarları yaradıb, o anbarlardan da borular vasitəsilə bütün əkin sahələrinə paylanması mümkündür. 50-100 il müddətə istifadə olunacaq borular var ki, heç paslanmır da. Bununla həm maliyyə vəsaitinə qənaət edərik, həm su ehtiyatımız artar, həm də suyun zərərli təsirindən öz torpaqlarımızı qoruya bilərik. Bu üsul geniş tətbiq olunsa, biz az xərc çəkməklə yüksək məhsuldarlıq əldə edəcəyik. Fermerlər də həmin sulardan çox asanlıqla istifadə edə bilər. Əkin sahəsinin üstündən öz hesabına ya damcı üsulu ilə suvarma sistemini yaradar, ya da yağış yağdırma üsulu ilə. Onlar suyu suvarılan sahələrin əksər hissəsinə borular vasitəsilə gətiriblər, quraşdırılan sayğaca uyğun fermer vəsait ödəməklə qənaətli suvarmadan istifadə edir. Bizdə isə itkiyə gedən suyun əvəzlənməsi üçün ildə büdcədən xeyli vəsait ayrılır. Borularla suvarma üsulu geniş tətbiq olunsa, bu dotasiyaya ehtiyac qalmaz. Fermer istifadə etdiyi suyun müqabilində də vəsaitini ödəyər».
V.Məhərrəmov dedi ki, mütərəqqi üsuldan Rusiya, Ukrayna, Özbəkistan və əksər Avropa ölkələrində istifadə olunur: «Rusiyada suvarılan sahələr çox azdır, onlarda əsasən dəmyədir. Amma az sahələrdə də mütərəqqi texnologiyadan istifadə olunur. Avropa ölkələrinin əksəriyyəti uzun müddətdir qənaətedici texnologiyadan istifadə edir. Hətta Afrika ölkələrində də suya qənaət üçün fərqli üsulla suvarma işləri aparılır».
Geoloq Vaqif Behbudoğlu isə bildirir ki, Azərbaycanda su problemi yoxdur, sadəcə, su düzgün idarə olunmalıdır: «İldə Kür, Araz, digər çaylarla birgə Xəzərə 32 milyard kubmetr su axır. İllik yağıntının miqdarına görə, bəzi illər 35 milyard kubmetr də olur. Bundan əlavə hər il yeraltı çaylar Xəzər dənizinə 12 kubkilometrdən artıq su gətirir. Azərbaycanda su problemi yoxdur, suyun idarə edilməsi problemi var. Xaricdən Azərbaycana daxil olan çaylar məhdudlaşdırılsa, uzaqbaşı Mingəçevir Su Elektrik Stansiyasında elektrik enerjisi az hasil ola bilər, amma tam kəsilməsi mümkün deyil. Azərbaycanda əkinçilik üçün mövcud olan torpaq sahəsinin suvarılmasına 5 milyard kubmetr su kifayət qədər yetərlidir».
Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətin suvarma birlikləri üzrə sektor müdiri Fazil Pənahovun sözlərinə görə, Biləsuvarda 5 min hektara yaxın ərazidə mütərəqqi üsullardan istifadə olunur: «Şırım üsulu bizdə ənənəvidir. Amma mütərəqqi üsullardan da istifadə olunur. Yağış yağdırma və damcı üsulundan istifadə Biləsuvarda tətbiq olunur».
ASC-nin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədovdan soruşduq ki, Şəmkirçay üzərində inşa olunacaq bənd nə vaxt istifadəyə veriləcək? Dedi ki, layihənin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulub və anbarın 170 milyon kubmetr su tutumu olacaq: «Yay aylarında kənd təsərrüfatı sularının vegetasiya suvarılması dövründə su qıtlığı yarandığı üçün, yaz-payız aylarındakı gursulu dövründə dağ çaylarının sularından səmərəli istifadə edilməsi üçün onlar üzərində su anbarlarının tikilməsi məqsədəuyğun hesab olunur. Bu, həm də daşqın, sellərin qarşısının alınması üçündür. Hazırda Şəmkirçay üzərində belə bir bənd qurulur
Layihənin icrasına isə M.Əsədov 5 milyon manat ayrıldığını bildirdi: «Kompleksə kanalların, şəbəkələrin çəkilməsi, su anbarı üzərində Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulub. Bu tipli layihələr çoxdur. Vəsait ayrıldıqca tədricən inşa olunacaq. Hazırda Tovuzçayda da belə bir bənd inşa olunur».
Yeni salınacaq anbarlardan kənd təsərrüfatında kanal, yaxud borular vasitəsilə istifadə olunmasına gəlincə, M.Əsədov dedi ki, bu, hələ gələcəkdə müəyyənləşəcək.
12.12.2012 çap et